Azərbaycan dünyanın qarşılaşdığı problemlərin həllində əhəmiyyətli rol oynamaqda davam edir. Ekoloji məsələlərin həll olunması üçün Azərbaycan çox uğurlu yaşıl enerjiyə keçid edir. Ölkənin coğrafi mövqeyi və iqlimi burada böyük həcmdə alternativ enerji istehsalına imkan yaradıb.
Redaktor.az xəbər verir ki, bu sözləri Bakıda keçirilən I Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda çıxışı zamanı “GEO Macro Asosation” şirkətinin icraçı direktoru, Nyu-York Universitetinin professoru Noreal Rubini deyib.
O bildirib ki, Azərbaycanın uğurlu idarəçiliyi, dayanıqlı ictimai-siyasi sabitliyi, iqtisadi islahatların səmərəliliyi xarici investorlar üçün geniş imkanlar yaradıb.
“Külək və Günəş enerjisinin əldə edilməsi üçün ölkəyə yatırılan sərmayə təsadüfi xarakter daşımır. Bununla Azərbaycan həm özünün enerji tələbatını ödəyir, həm onu ixrac edir, həm də ekoloji problemlərlə bağlı qlobal çağırışlara cavab verir. Azərbaycanın uğurla idarə olunması nəticəsində burada beynəlxalq xarakter daşıyan böyük iqtisadi layihələr həyata keçirilib. Bugünkü tədbir və burada iştirak edənlər onu deməyə əsas verir ki, Azərbaycan gələcəkdə daha inkişaf etmiş bir dövlət olacaq və qlobal çağırışlara daha səmərəli cavab verəcək”, - deyə N.Rubini bildirib.