AZ

Bakı Təhlükəsizlik Forumu əlverişli platformadır



Müasir dünyada qlobal güc mərkəzləri arasında geosiyasi ziddiyyətlərin dərinləşdiyi bir dövrdə müxtəlif bölgələrdə gərginlik ocaqlaraının artdığı müşahidə olunur. Hərbi toqquşmalar, terrorçu qruplaşmaların fəallaşması isə özlüyündə beynəlxalq təhlükəsizlik sisteminə yönəlmiş təhdidləri artırır ki, bu da təhlükəsizliyin möhkəmləndirilməsi üçün dövlətlərarası əməkdaşlığı zəruri edir.
Bu kontekstdə beynəlxalq və regional müstəvilərdə daim sülh və əmin-amanlığın bərqərar olunması istiqamətində təşəbbüslərlə çıxış edən Azərbaycan Respublikası qlobal təhdidlərə qarşı birgə fəaliyyətin təşviqi məqsədilə beynəlxalq təhlükəsizliyin qorunub saxlanılmasında misilsiz rol oynayan kəşfiyyat və təhlükəsizlik orqanlarını vahid platformada cəmləşdirməyi məqsədəuyğun hesab edərək Bakı Təhlükəsizlik Forumunu təsis etmişdir.
Adı çəkilən Forumda dünya ölkələrinin xüsusi xidmət orqanlarının nümayəndə heyətləri təmsil olunur və artıq üçüncü dəfədir ki, keçirilən tədbirdə bu dəfə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəhbəri Andranik Simonyanın başçılıq etdiyi nümayəndə heyəti də iştirak edir.
Qlobal təhlükəsizlik mühitinin üzləşdiyi müasir çağırış və təhdidlərlə qarşı effektiv mübarizənin aparılması, beynəlxalq təhlükəsizlik sisteminin mənfi təzahürlərdən qorunması sahəsində vahid yanaşmaların formalaşması və səylərin birləşdirilməsi üçün belə bir tədbirin keçirilməsi olduqca önəmlidir. Belə ki, Bakı Təhlükəsizlik Forumu müxtəlif siyasi mövqelərə malik ölkələrin bir araya gələrək fikir ayrılıqlarını, regional və beynəlxalq münaqişələri qarşılıqlı anlayış əsasında müzakirə etmələrinə əlverişli şərait yaradan platformadır.
Məlumdur ki, ilk forum 2023-cü ilin may ayının 3-də “Proksi şəbəkələrin destruktiv fəaliyyətinə qarşı birgə mübarizə” mövzusunda, ikinci Forum 2024-cü ilin sentyabr ayının 15-də “Qlobal nəqliyyat şəbəkələrinin təhlükəsizliyinə yönələn müasir çağırışlar” mövzusunda keçirilmişdir. Bu dəfə isə Forumun mövzusu “Terrorçu hücumlar və silahlı münaqişələr zamanı humanitar böhranların, eləcə də qlobal xarakterli texnogen qəza və ekoloji fəlakətlərin qarşısının alınmasında təhlükəsizlik orqanlarının qarşılıqlı fəaliyyətinin rolu”na həsr olunub. Göründüyü kimi olduqca zəruri və birgə mübarizəni şərtləndirən mövzudur və təbii ki, beynəlxalq təhlükəsizlik problemlərinin qarşısının alınmasında və həllində vacib əhəmiyyətə malikdir.
Cənab Prezident də Forum iştirakçılarına müraciətində təhlükəsizliyə və praqmatizmə əsaslanan yeni əməkdaşlıq formatının yaradılmasının vacibliyinə toxunaraq bu istiqamətdə məqsədyönlü səylərin tərəfdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə gətirib çıxaracağını qeyd edib.

Yusif Bağırzadə, politoloq
Seçilən
1
newscenter.az

1Mənbələr