AZ

Kreml bu ölkədə seçkilərə müdaxilə etməyə hazırlaşır – GİZLİ SƏNƏDLƏR üzə çıxdı

Rusiya Moldovanın Avropa İttifaqına inteqrasiyasının qarşısını almaq məqsədilə parlament seçkilərinə müdaxilə etməyə hazırlaşır.

Turkustan.az xəbər verir ki, bu barədə Bloomberg agentliyi əldə etdiyi sənədlərə istinadən xəbər yayıb.

Məlumata görə, Kreml hələ yaz aylarında təsdiqlədiyi strategiya prezident Maya Sandunun rəhbərlik etdiyi “Fəaliyyət və Həmrəylik” Partiyasının 28 sentyabr seçkilərində dəstəyini zəiflətməyə yönəlib.


Planın əsas məqsədi Sandunu hakimiyyətdən uzaqlaşdırmaq və pro-Rusiya qüvvələrini önə çıxarmaqdır.

Sənədlərdə qeyd olunur ki, Moskva xaricdə yaşayan moldovanların səsverməyə cəlb olunması, kütləvi etiraz aksiyalarının təşkili, sosial şəbəkələrdə genişmiqyaslı dezinformasiya kampaniyaları kimi müxtəlif vasitələrdən istifadə etməyi nəzərdə tutur.

Bundan başqa, Kreml gənclərdən, kriminal qruplaşmalardan və idman klublarından seçki günü və ondan sonra küçə toqquşmaları üçün istifadə etməyi planlaşdırdığı bildirilir.

Həmçinin, məmurlar üzərində təzyiq üçün kompromatın dövriyyəyə buraxılması və seçki komissiyalarının işinin pozulması nəzərdə tutulur. Dezinformasiya üçün isə Telegram, TikTok, Facebook və hətta “call-center”lərdən istifadə ediləcəyi vurğulanır.

Qeyd edək ki, Moldova strateji baxımdan Ukrayna və Rumıniya arasında yerləşdiyi üçün regiondakı geopolitik mübarizədə əsas məkan sayılır. Ötən il ölkədə Aİ-yə üzvlüklə bağlı referendum keçirilmiş, bu proses zamanı da Moskvanın müdaxiləsi ilə bağlı ittihamlar səslənmişdi.

Prezident Sandu həmin vaxt Rusiyanın müdaxilə imkanları ilə bağlı xəbərdarlıq etmişdi.

“Kremlin məqsədi açıqdır – Moldovanı seçkilər yolu ilə ələ keçirmək, bizi Ukraynaya qarşı istifadə etmək və Avropa İttifaqına qarşı hibrid hücumlar üçün plasdarm çevirmək.”

Xatırladaq ki, Moldova polisi avqustda yüzlərlə TikTok hesabını bloklayıb, sentyabrda isə seçicilərin səsinin alınması ilə bağlı açılan işlər çərçivəsində 300 min dollardan çox məbləği müsadirə edib.

Avropa İttifaqı Kişinyovu dəstəklədiyini açıqlayıb. Avqustun sonunda Fransa, Almaniya və Polşa liderlərinin Moldovaya səfəri zamanı ölkənin Aİ-yə inteqrasiya kursunun qorunmasının vacibliyi vurğulanıb. Avropa tərəfi hesab edir ki, Rusiya seçkilərə müdaxilə üçün yüz milyonlarla dollar ayırıb və bununla təkcə pro-Rusiya qüvvələrini gücləndirməyi deyil, həm də siyasi rəqabət görüntüsü yaradaraq Sandunun mövqelərini zəiflətməyi hədəfləyir./Bizim.Media

Seçilən
1
2
turkustan.az

3Mənbələr