AZ

BMU ilə Filippin universiteti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı, 22 sentyabr, AZƏRTAC

Bakı Mühəndislik Universiteti (BMU) ilə Filippin Respublikasının Sulu Dövlət Universiteti arasında onlayn formatda görüş keçirilib.

BMU-dan AZƏRTAC-a bildirilib ki, beynəlxalq əlaqələr üzrə prorektor Ətrabə Gül ali təhsil ocağının fəaliyyəti, beynəlxalq əlaqələri, Çin və Cənubi Koreya universitetləri ilə icra olunan ikili diplom proqramları, tələbə mübadiləsi imkanları və inkişaf planları barədə ətraflı informasiyaları diqqətə çatdırıb.

Sonra Sulu Dövlət Universitetinin rektoru professor Charisma S. Ututalum rəhbərlik etdiyi təhsil ocağının tarixi, tədris istiqamətləri, fakültələri və beynəlxalq əlaqələri haqqında təqdimatla çıxış edib. Bildirilib ki, Sulu Dövlət Universiteti Filippinin aparıcı dövlət ali təhsil müəssisələrindən biridir. Universitet mühəndislik, təbiət elmləri, pedaqoji, biznes və informasiya texnologiyaları sahələrində kadr hazırlığı aparır. Eyni zamanda, beynəlxalq əməkdaşlığa böyük önəm verir və müxtəlif ölkələrin ali məktəbləri ilə tərəfdaşlıq münasibətləri qurur.

Görüş zamanı BMU ilə Sulu Dövlət Universiteti arasında əlaqələrin inkişaf etdirilməsi, birgə layihələrin reallaşdırılması, tələbə və müəllim mübadiləsi proqramlarının təşkili kimi mühüm istiqamətlər ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə tərəflər əməkdaşlığın gücləndirilməsi və birgə təşəbbüslərin reallaşdırılması ilə bağlı qarşılıqlı maraqlarını ifadə ediblər.

 

Seçilən
0
4
azertag.az

6Mənbələr