AZ

Sülhün açarı İrəvanda gizlənib: “Ermənistan ya addım atacaq, ya da təcrid olunacaq”

Cənubi Qafqazda sülh proseslərinin gələcəyi hazırda Ermənistanın atacağı addımlardan asılıdır. Xüsusilə də İrəvanın konstitusiyasında yer alan və Azərbaycanın ərazi bütövlüyünə zidd müddəaların ləğvi real sülhün açarı hesab olunur. Paşinyan hökuməti isə daxili təzyiqlər, radikal müxalifətin etirazları və ictimai rəydə hələ də yaşayan köhnə stereotiplər səbəbindən bu prosesi uzadır. Halbuki beynəlxalq vasitəçilər də açıq şəkildə bildirirlər ki, ərazi iddiaları saxlanıldığı təqdirdə regionda uzunmüddətli sabitlikdən danışmaq mümkün deyil. Ermənistanın verəcəyi qərar təkcə iki ölkə arasındakı münasibətləri deyil, bütövlükdə regionun gələcək siyasi-iqtisadi mənzərəsini müəyyən edəcək.

Siyasi analitik Tural İsmayılov Editor.az-a bildirib ki, Ermənistanın konstitusiya məsələsində prosesi uzatmasının bir neçə əsas səbəbi var:

“Birincisi, Paşinyan hökuməti daxili ictimai rəydən çəkinir və radikal müxalifətin təzyiqi altında qalır. Ermənistan cəmiyyətində hələ də “Qarabağ Ermənistandır” kimi populist şüarların psixoloji təsiri qalmaqdadır. İkincisi, konstitusiya dəyişikliyi siyasi elitanın məsuliyyətini artırır və bunu etiraf etmək Paşinyan üçün risklidir. Halbuki Azərbaycanın mövqeyi tam aydındır: konstitusiyada ərazi iddiaları qaldıqca real sülhdən danışmaq olmaz. Vaşinqton görüşündə də bu məqam təsdiqləndi və beynəlxalq vasitəçilər Bakının arqumentlərinin haqlı olduğunu qəbul etdilər”.

T. İsmayılovun sözlərinə görə, əgər İrəvan bu addımı atmasa, bölgədə yeni siyasi gərginliklər qaçılmaz ola bilər:

“Azərbaycan heç vaxt öz ərazi bütövlüyünə kölgə salan bir sənədi sülh sazişi kimi qəbul etməyəcək. Digər tərəfdən, Ermənistanın prosesi uzatması onun regional izolyasiyasını daha da dərinləşdirəcək. Azərbaycan bütün qonşularla normal münasibətlər qurur, əməkdaşlıq formatlarını gücləndirir. Ermənistan konstitusiya dəyişikliyinə getməsə, bu proseslərdən kənarda qalacaq ki, bu da iqtisadi və siyasi baxımdan yeni itkilər deməkdir.

Əgər konstitusiyada dəyişiklik baş versə, Ermənistan ilk dəfə olaraq reallığı qəbul edərək gələcəyə baxmaq imkanı əldə edəcək. Bu, həm də onun Avropa ilə inteqrasiya cəhdlərini gücləndirəcək. Əks halda, ölkə keçmiş illüziyaların girovuna çevrilərək yeni böhranlar dövrünə girəcək.

Azərbaycanın mövqeyi aydındır: tarixi fürsət indi və buradadır, sonradan geriyə yol olmayacaq. Çünki bölgədə artıq yeni reallıq formalaşıb və bu, Azərbaycanın gücü üzərində qurulub. Paşinyan hökumətinin qərarı isə həm Ermənistanın gələcəyini, həm də onun siyasi taleyini müəyyən edəcək. Ya İrəvan konstruktiv addım ataraq gələcəyə açıq qapı qoyacaq, ya da özünü dalana salacaq. Konstitusiya dəyişikliyi həm Ermənistan, həm də bütövlükdə region üçün qaçılmaz şərtdir”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
4
editor.az

1Mənbələr