AZ

Ultra liberalların əlində alətə çevrilmiş AŞPA da dəyişəcək - MÜSAHİBƏ

BAKI, 22 sentyabr. TELEQRAF

Azərbaycan-Amerika Birləşmiş Ştatları parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, deputat Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, ABŞ Nümayəndələr Palatasının komitəsi anti-Azərbaycan düzəlişlərini rədd etdi. Azərbaycan-ABŞ əlaqələrinin hazırkı durumunda bu addımların əhəmiyyətini necə dəyərləndirirsiniz?

- Sözsüz ki, bu yeni bir reallıqla bağlıdır. Bu yeni Azərbaycanın, müstəqil, suveren siyasətin birbaşa bəhrəsidir. Artıq bunu hamımız görürük. Bu gün dünyada gedən proseslər elə istiqamətdə cərəyan edir ki, Azərbaycanın gördüyü işlər qabarıq şəkildə özünü göstərir. Bəzi qlobalistlər istəyirdi ki, dünya öz inkişafını ədalətsizlik prinsipləri əsasında təşkil etsin. Faciə isə əsl bu idi. Onlar istəyirdilər ki, sözdə bir əməldə isə tamamilə başqa işləri həyata keçirsinlər. Neo-müstəmləkə siyasətini həyata keçirmək niyyətləri var idi. Əslində bütün bunların nə dərəcədə xatalı, təhlükəli olmasını biz xalq olaraq görmüşük. Keçmiş Qarabağ məsələsində bunun açıq faciəli nümunəsi var. Çünki separatizm, ikili standartlar neo-müstəmləkədir, separatçılar, terrorçular hansısa qüvvələrin əlində alətdir. Azərbaycan isə bu gün dünyaya yeni bir düsturu əlavə etdi.

- Bu nədən ibarətdir?

- Həmin yanaşmaya görə ölkələr kiminsə əlində alət kimi deyil, müstəqil şəkildə inkişaf edir. Bununla da dünya daha təhlükəsiz şəkildə inkişaf edə bilir. Əsas məsələ məhz bundan ibarətdir. Faktiki olaraq Azərbaycanın suverenliyi digər ölkələrlə yanaşı bölgə dövlətləri üçün də bir fürsətdir və imkandır. Müstəqil siyasət aparmaq, suveren olmaq əsas amildir.

- Azərbaycana qarşı işləyən, bu məsələlərdən istifadə edənlər nəhayət geri çəkiləcəklərmi?

- Bu heç də inandırıcı deyil. Çünki terrorçuluqdan, separatçılıqdan, ikili standartlardan istifadə edən qüvvələr bundan sonra da çirkin işlərindən əl çəkməyəcəklər.

- AŞPA və Avropa Parlamentinin Azərbaycana qarşı yanaşmalarında hansısa dəyişikliklər gözlənilirmi?

- ABŞ Konqresində, AŞPA-da, Avropa Parlamentində olan qüvvələr yenə də baş qaldırmağa çalışacaqlar. Amma indi onların qarşısına fərqli bir qüvvə çıxır. Azərbaycan artıq fərqli müstəvidədir. Bu yolun effektivliyini dünya birliyi dərk etməyə başlayıb. Ona görə də, Azərbaycana qarşı cəhdlər olsa da onlara qarşı layiqli cavab da mövcuddur.

- ABŞ və Avropa Birliyinin bu prosesə yanaşması nədən ibarətdir?

- Hazırda Amerika ilə Avropa arasında əsas ziddiyyətlər də məhz bununla bağlıdır. Qlobalistlərin, ultra liberalların, solçuların Avropa Şurasında və Avropa Parlamentində hələ ki, güc sahibləri olması özünü əyani şəkildə göstərir. Amma bu qüvvələr hazırda ABŞ-ə təsir edə bilmirlər. Ona görə də, Amerika Prezidenti Donald Trampı Avropaya dəvət edirlər, onunla iş qurmaq istəyirlər. Əksinə isə ABŞ-də gedən prosesləri qəbul etmək istəmirlər. Çünki Avropa hələki özünün köhnə üsullarından əl çəkmək istəmir. Bu heç də Azərbaycana qarşı deyil, dünyada gedən proseslərə əksdir. Sözsüz ki, Avropa bir ölkədən ibarət deyil.

- Nələrinsə dəyişəcəyinə ümid varmı?

- Son zamanlar Fransanın, İsveçrənin, Hollandiyanın daxilində dəyişikliklər başlayıb. Təbii ki, bu dəyişikliklər həmin təşkilatlardan deyil, ölkələrdən başlayacağı da şübhəsizdir. Ölkələr daxilində münasibətlər dəyişəcəksə bu solçuların, qlobolistlərin, ultra liberalların əlində alətə çevrilmiş AŞPA və Avropa Parlamentinə də təsir edəcək və onlar yavaş-yavaş dəyişikliyə məhkum olacaqlar.

Seçilən
7
teleqraf.com

1Mənbələr