AZ

Universitetlər 4 günlük dərs rejiminə keçir? — AÇIQLAMA

“Azərbaycan ali təhsil sistemində dərs həftəsinin təşkili uzun illərdir ənənəvi 5 günlük model əsasında qurulub. Lakin Bakı Dövlət Universitetində sentyabrın 15-dən bəzi ixtisaslarda dərslərin həftədə 4 gün keçirilməsi qərarı təhsil prosesində yeni yanaşmanın tətbiqi baxımından əhəmiyyətli addımdır”.

Bunu Demokrat.az-a açıqlamasında tanınmış təhsil eksperti Kamran Əsədov deyib. 

Onun sözlərinə görə, bu dəyişiklik yalnız qrafik dəyişikliyi deyil, həm də universitetin idarəetmə çevikliyini, tələbələrin və müəllimlərin vaxtdan daha səmərəli istifadəsini təmin edən bir yenilikdir:

“Ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən “Təhsil haqqında” Qanunun 14-cü maddəsində universitetlərin tədris prosesini və dərs cədvəllərini müstəqil müəyyənləşdirmək hüququ vurğulanır ki, bu da BDU-nun atdığı addımı qanuni və əsaslı edir. Mövcud sistemdə həftəlik auditoriya yükləri dəyişməz qaldığından dərslərin 4 günə sıxlaşdırılması tələbələrin əlavə iki günü boş buraxmaması, elmi-tədqiqat, iş təcrübəsi və müstəqil hazırlığa yönəltməsi baxımından böyük imkanlar açır. Statistika göstərir ki, Avropa ölkələrində tələbələrin 45 faizdən çoxu dərs cədvəllərini 3–4 günlük intensiv formada alır. ABŞ-da isə universitetlərin əksəriyyətində dərslər həftənin ilk 4 günü keçirilir, digər günlər isə layihə işlərinə, praktik məşğələlərə və fərdi öyrənməyə sərf olunur. Bu yanaşma “blended learning” modelinə uyğun olaraq tədris prosesini daha çevik edir. BDU-nun bu təcrübəni ölkəyə gətirməsi həm də Azərbaycan ali təhsilinin beynəlxalq standartlara inteqrasiya prosesinin bir nümunəsi kimi qiymətləndirilə bilər”.

Ekspert əlavə edib ki, tələbələrin vaxtdan istifadəsi daha məqsədyönlü olacaq:

“Onlar əlavə boş günlərdə dərsə hazırlaşmaqla yanaşı, iş təcrübəsi toplaya, müxtəlif kurslara qatıla, elmi-tədqiqat fəaliyyətinə qoşula bilərlər. Müəllimlər üçün də dərs saatlarının sıxlaşdırılması işin planlaşdırılmasını asanlaşdırır və tədris prosesinə daha sistemli yanaşma yaradır. Digər tərəfdən, auditoriya fondunun idarə olunması daha səmərəli olur və infrastrukturdan daha optimal istifadə imkanı yaranır. Mənfi tərəfi isə ondan ibarətdir ki, dərslərin sıx qrafiklə keçirilməsi tələbələrin gündəlik yüklənməsini artıra bilər. Məsələn, əgər 5 günə bölünən dərslər indi 4 günə yerləşdirilərsə, bir gün ərzində 6–7 saat davamlı dərs keçmək tələbələrin diqqət və məhsuldarlığına mənfi təsir edə bilər. Xüsusilə laboratoriya fənlərində və praktik məşğələlərdə bu vəziyyət keyfiyyət problemi yarada bilər. Həmçinin bölgələrdən paytaxta gələn tələbələr üçün dərs qrafikinin dəyişməsi logistika baxımından əlavə çətinliklər yarada bilər. Dünya təcrübəsi ilə müqayisədə BDU-nun addımı daha çox Avropa və Amerika universitetlərində tətbiq olunan “intensiv həftə” modelinə bənzəyir. Bu model tədrisin yalnız auditoriyada deyil, həm də dərsdənkənar mühitdə davam etməsini nəzərdə tutur. Azərbaycan reallığında bu yanaşma həm müsbət, həm də riskli tərəflərə malikdir. Əgər tələbələr əlavə boş günlərdən düzgün istifadə etməsələr, nəticədə fənlərin mənimsənilməsində zəiflik yarana bilər. Lakin universitet rəhbərliyi paralel olaraq layihə, seminar və müstəqil tədqiqat fəaliyyətlərini bu günlərə yönəldərsə, model uğurlu nəticə verəcək.

Bakı Dövlət Universitetinin bu təşəbbüsü strateji baxımdan əhəmiyyətli və nümunəvi bir addımdır. Universitet özünü yalnız ənənəvi metodlarla məhdudlaşdırmır, müasir təhsil tendensiyalarını tətbiq etməklə çevik idarəetmə nümunəsi göstərir. Bu, həm tələbələrin, həm də müəllimlərin inkişafı üçün geniş imkanlar açır və gələcəkdə digər ali məktəblər üçün də nümunə ola bilər. BDU-nun bu yanaşması ali təhsildə innovativ idarəetmənin mümkün olduğunu sübut edir və universitetin modernləşmə yolunda uğurlu addımlarından biri kimi təqdir edilməlidir”.

Leyla Turan
Demokrat.az
Seçilən
1
1
demokrat.az

2Mənbələr