AZ

Süni intellektin maliyyə bazarlarında manipulyativ gücü

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Son illərdə süni intellekt əsaslı ticarət alqoritmlərinin maliyyə bazarlarındakı payı sürətlə artmışdır. Bu proses tənzimləyici orqanların da diqqət mərkəzinə düşməkdədir. Məsələn, Reuters-in 2025-ci il iyun tarixli məlumatında qeyd olunur ki, Almaniyanın maliyyə nəzarətçisi BaFin süni intellektdən bazar sui-istifadəsi hallarının aşkarlanmasında istifadə etməyə başlamış və bunun nəticəsində şübhəli əməliyyatların daha dəqiq müəyyənləşdirilməsi mümkün olmuşdur. Lakin süni intellektin bazarlarda tətbiqi yalnız nəzarət imkanlarını gücləndirmir, eyni zamanda yeni risklər də yaradır.

"The Global Treasurer” nəşri yazır ki, ABŞ Federal Ehtiyat Sisteminin nəzarət üzrə sədr müavini Maykl Barr generativ süni intellektin eyni strategiyalara yönələn alqoritmlər vasitəsilə "sürü davranışı”nı gücləndirə biləcəyi və bunun bazarlarda konsentrasiya riskini artıracağı barədə xəbərdarlıq etmişdir. Onun fikrincə, bu cür risklər təsadüfi deyil, əksinə, tarixi presedentlərlə də təsdiqlənir. Xüsusilə, 2010-cu ildə baş vermiş və bir neçə dəqiqə ərzində Dow Jones indeksinin min punktdan çox enməsi ilə nəticələnmiş məşhur "Flash Crash” hadisəsi alqoritmik ticarətin bazarlarda qəfil şoklara səbəb ola biləcəyini göstərmişdir. Dolayısı ilə, beynəlxalq təcrübə göstərir ki, süni intellekt bazarlarda həm şəffaflıq və nəzarət imkanlarını artıran alət, həm də potensial sabitlik risklərinin mənbəyi ola bilər. Bu səbəbdən onun tətbiqi ilə bağlı hüquqi və institusional çərçivələrin gücləndirilməsi vacib hesab olunur.

Hazırda süni intellektin maliyyə bazarlarında tətbiqi əsasən üç istiqamətdədir. Birinci istiqamət algoritmik və yüksək tezlikli ticarətdir. Bu texnologiya saniyənin bölünməz hissəsində əmrlərin icrasına şərait yaradır və insan reaksiyasını dəfələrlə üstələyən sürətdə bazar təhlili aparmaq imkanı verir. İkinci istiqamət proqnozlaşdırıcı modellər və risk analizidir. Burada maşın öyrənməsi metodları vasitəsilə qiymət dəyişiklikləri və bazar hərəkətləri əvvəlcədən hesablana bilir, nəticədə investorlar üçün qərarların dəqiqliyi artır. Üçüncü istiqamət isə emosional və ya sentiment analizidir. Bu yanaşma sosial media platformalarından və xəbər axınlarından toplanan məlumatlar əsasında bazar iştirakçılarının psixoloji vəziyyətini ölçməyə xidmət edir və bu, qısa müddətli bazar hərəkətlərini başa düşmək üçün əhəmiyyətli vasitəyə çevrilmişdir.

Bununla yanaşı, beynəlxalq təcrübə göstərir ki, eyni alqoritmlərin çoxsaylı institutlar tərəfindən tətbiqi bazar iştirakçılarının qərarlarının bir-birinə həddindən artıq yaxınlaşması, başqa sözlə, "monokultura” effekti ilə nəticələnə bilər. Sidley Austin LLP-in 2024-cü ilin dekabrında dərc etdiyi hüquqi təhlildə vurğulanır ki, dərin öyrənmə modellərinə əsaslanan süni intellekt sistemləri konsentrasiya riskini artırır və bu risk bazar qiymətlərinin və aktivlər arasındakı korrelyasiyaların təhrif olunmasına gətirib çıxara bilər.

Bu narahatlıqlar yalnız nəzəri səviyyədə deyil, həm də tənzimləyici orqanların hesabatlarında öz əksini tapır. Bank of England-ın Maliyyə Siyasəti Komitəsi 2025-ci ilin aprelində yaydığı hesabatda qeyd etmişdir ki, daha müstəqil işləyən süni intellekt proqramları ekstremal volatilliyi potensial qazanc imkanı kimi qiymətləndirə və bu şəraitdə bazar çöküşlərini qəsdən dərinləşdirə bilər. Hesabatda bu cür davranışın maliyyə sabitliyi üçün sistemli risklər yaratdığı vurğulanır (The Guardian).

Yeni araşdırmalar göstərir ki, süni intellekt hətta əvvəlcədən proqramlaşdırılmamış halda belə bazar manipulyasiyasında "təbii kolluziya” (gizli razılaşma) yarada bilər. Investopedia portalının 2025-ci ilin iyulunda dərc etdiyi məlumatda qeyd olunur ki, ABŞ Milli İqtisadi Tədqiqatlar Bürosunun (NBER) apardığı tədqiqatda ticarət və qiymət təyini məqsədilə Reinforcement Learning əsasında işləyən alqoritmlərin insan müdaxiləsi olmadan kolluziv strategiyalar qurduğu aşkar edilmişdir. Bu alqoritmlər müqavilə və ya birbaşa əlaqə olmadan "süper rəqabətli” mənfəətləri koordinasiya və qoruma qabiliyyəti nümayiş etdirmişdir. Tədqiqatçılar bu fenomeni iki kateqoriyaya bölürlər: "süni intellekt kolluziyası” və "süni axmaqlıq kolluziyası”. 

Birinci halda alqoritmlər qiymət siqnalları vasitəsilə bir-birini cəzalandıraraq kollektiv şəkildə rəqabəti məhdudlaşdırır, ikinci halda isə təlim prosesində mövcud öyrənmə qərəzləri səbəbindən aqressiv strategiyalardan qaçmaqla bazarda rəqabəti zəiflədir. Hər iki halda nəticə eyni olur: alış-satış spredlərinin genişlənməsi, investorların ticarət xərclərinin artması və bazar effektivliyinin azalması (Investopedia).

Wharton School-un "Future of Finance” bloqunda professorlar Winston Wei Dou və Itay Goldstein də oxşar narahatlıqları ifadə edirlər. Onların fikrincə, bir neçə süni intellekt agenti qarşılıqlı əlaqəyə girdikdə "AI ekuilibrium” deyilən vəziyyət yarana bilər və bunun nəticəsində kolluziv ticarət strategiyaları formalaşa bilər. Ən təhlükəlisi isə odur ki, bu proses manipulyasiya niyyəti olmadan baş verir; yəni alqoritmlər sadəcə öz öyrənmə mexanizmləri çərçivəsində belə davranışlar sərgiləyirlər. Bunun nəticəsi isə likvidliyin azalması, qiymətlərin məlumatlılıq dərəcəsinin zəifləməsi və səhv qiymətləndirmələrin artmasıdır. ABŞ Konqresində də bu risklərin aktuallığı nəzərə alınaraq "Preventing Algorithmic Collusion Act” adlı qanun layihəsinin müzakirəyə çıxarılması məsələsi gündəmə gətirilmişdir.

Beynəlxalq maliyyə qurumlarının son hesabatları süni intellektin bazarlarda həm imkanlar, həm də ciddi risklər yaratdığını göstərir. Beynəlxalq Valyuta Fondunun (IMF) 2024-cü ilin oktyabrında yayımladığı bloq yazısında vurğulanır ki, süni intellekt bazarların fəaliyyətini daha səmərəli edə bilər, lakin xüsusilə stress dövrlərində volatilliyi artırma potensialına da malikdir. Hesabatda qeyd olunur ki, süni intellekt ilə idarə olunan birja investisiya fondları (ETF-lər) volatillik dövrlərində daha yüksək dövriyyə nümayiş etdirir və bu hal "herd-like” adlanan sürü davranışlı satışlara gətirib çıxara bilər. Oxşar yanaşma Avropa Mərkəzi Bankının (ECB) 2024-cü ilin mayında dərc etdiyi "Maliyyə sabitliyi üçün süni intellektin yüksəlişi” adlı xüsusi məqaləsində də öz əksini tapır. ECB qeyd edir ki, geniş miqyaslı süni intellekt alətlərinin tətbiqi konsentrasiya və əməliyyat risklərini, eləcə də sürü davranışını gücləndirir. Məqalədə vurğulanır ki, mövcud tənzimləmə mexanizmləri bu risklərin qarşısını tam ala bilməzsə, əlavə təşəbbüslər zəruri olacaqdır. 

Qərb maliyyə qurumlarının praktiki tədbirləri də bu risklərin ciddiliyini təsdiqləyir. Bank of England-ın Maliyyə Siyasəti Komitəsi 2025-ci ilin aprelində yayımladığı hesabatda xəbərdarlıq etmişdir ki, süni intellekt modellərinin təlim məlumatları "data poisoning” kimi qəsdən yanlış yönləndirmələrə açıq ola bilər və model səhvləri geniş yayıldıqda sistematik itkilərə gətirib çıxara bilər. Komitə eyni zamanda vurğulamışdır ki, çoxsaylı şirkətlərin eyni tədarükçülərə güvənməsi vahid model xətasının bütün bazara yayılmasına səbəb ola bilər (The Guardian). Digər tərəfdən, ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) 2025-ci ilin avqustunda süni intellekt üzrə xüsusi işçi qrup yaratdığını elan etmişdir. Bu təşəbbüsün məqsədi həm innovasiyaların təşviqi, həm də maliyyə sabitliyinə risklərin azaldılması məqsədilə nəzarət imkanlarının gücləndirilməsi olmuşdur (Reuters).

Bununla yanaşı, Avropa və ABŞ-da fəaliyyət göstərən bəzi tənzimləyici qurumlar şirkətlərdən süni intellekt alqoritmlərinə dair daha ətraflı sənədləşmə aparmağı və stres testlərindən keçməyi tələb etməyi müzakirə edirlər. Onların təklifləri arasında həmçinin insan nəzarətinə imkan verən və alqoritmik əməliyyatları fövqəladə hallarda dərhal dayandırmağı mümkün edən "öldürmə düyməsi” (kill switch) mexanizmlərinin tətbiqi də yer alır.

Azərbaycanın maliyyə bazarları hələ beynəlxalq miqyasda olduğu kimi yüksək sürətli alqoritmik ticarətin geniş tətbiqi ilə seçilmir. Bu vəziyyət müəyyən mənada fürsət hesab edilə bilər, çünki tənzimləyici çərçivələrin vaxtında hazırlanması və risklərin qabaqlayıcı şəkildə idarə olunması mümkündür. Digər tərəfdən, bu, potensial təhlükələr də daşıyır. The Guardian-ın 2025-ci ilin aprelində yaydığı məlumata görə, süni intellekt sistemləri yanlış məlumatı öyrənərək bazarda qəsdən böhran yaratmaq və bundan qazanc əldə etmək meyli göstərə bilər. Eyni zamanda, The Global Treasurer yazır ki, alqoritmlərin eyni tipli strategiyalar seçməsi "sürü davranışı” effekti yaradaraq qiymətlərin süni dalğalanmasına səbəb ola bilər.

Bu reallıqlar fonunda, Azərbaycan bazarında süni intellekt alqoritmlərinin tətbiqi ehtiyat tədbirləri ilə müşayiət olunmalıdır. İlk növbədə, şəffaflıq və hesabatlılıq təmin edilməli, bazar iştirakçıları istifadə etdikləri alqoritmlər barədə tənzimləyici orqanlara ətraflı məlumat təqdim etməli və bu sistemlər mütəmadi audit olunmalıdır. İkincisi, məqsədli tənzimləmə vacibdir; mövcud "bazar manipulyasiyası” və "daxili məlumatdan istifadə” ilə bağlı hüquqi müddəalar süni intellekt kontekstində daha dəqiq şəkildə ifadə edilməlidir. Üçüncüsü, riskin çoxaylı qrafik monitorinqi həyata keçirilməli və AI sistemlərinin oxşar davranışa meyli nəzərə alınaraq sürətli reaksiyalı "circuit breakers” mexanizmləri tətbiq olunmalıdır. Nəhayət, insan nəzarəti qorunmalı, avtomatik sistemlərdə "sönmə düyməsi”nin mövcudluğu və insan müdaxiləsinin hər zaman mümkünlüyü təmin edilməlidir.

Əli Qədimov

Hüquqşünas, müstəqil tədqiqatçı

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
4
qaynarinfo.az

1Mənbələr