AZ

Daha üç ölkə Fələstini tanıdı... Netanyahu ilhaqla təhdid etdi - “Gözləyin, görəcəksiniz”


Fələstin 1988-ci il noyabrın 15-də müstəqilliyini elan etdikdən sonra getdikcə daha çox ölkə tərəfindən tanınır. Bu gündən etibarən Birləşmiş Millətlər Təşkilatına üzv olan 193 ölkədən 147-si Fələstin Dövlətini rəsmən tanıyıb.

BMT Baş Assambleyası ərəfəsində Avstraliya, Böyük Britaniya və Kanada Fələstin Dövlətini tanıdığını rəsmən bəyan edib. ABŞ-da keçiriləcək BMT Baş Assambleyasının 80-ci iclası ərəfəsində daha 7 ölkənin Fələstini tanıdığını elan etməyə hazırlaşdığı bildirilir. Belə ki, Fransa, Belçika, Lüksemburq, Malta, Portuqaliya, Andorra və San-Marinonun da Fələstin dövlətini tanıdıqlarını elan edəcəkləri gözlənilir.

Fələstini tanıyan ilk bəyanat Kanadadan gəlib. Baş nazir Mark Karni Kanadanın bu gündən etibarən Fələstin dövlətini tanıdığını açıqlayıb.

"Kanada Fələstin dövlətini tanıyır və həm Fələstin dövləti, həm də İsrail dövləti üçün dinc gələcək vədini qurmaq üçün ortaqlıq təklif edir" - deyə Karni açıqlamasında bildirib.

Kanadanın ardınca Avstraliya və Britaniya da Fələstin dövlətini tanıdıqlarını elan ediblər. "Avstraliyanın bu gün Kanada və Böyük Britaniya ilə birlikdə Fələstini tanıması iki dövlətli həll üçün beynəlxalq səylərin bir hissəsidir" - deyə Avstraliyanın Baş naziri Entoni Albanese bildirib.

Britaniyanın Baş naziri Keir Starmer də tarixi bəyanatla çıxış edib: “Bu gün fələstinlilər və israillilər üçün sülh və iki dövlətli həll ümidəlrini canlandırmaq üçün Böyük Britaniya Fələstin dövlətini rəsmən tanıyır. Biz sülh və iki dövlətli həll imkanını yaşatmaq üçün çalışırıq. “Həmas” hərəkatının gələcəkdə, nə idarəçilikdə, nə də təhlükəsizlikdə heç bir rolu olmamalıdır. İsraillilər və fələstinlilər zorakılıq və əzab olmadan sülh içində yaşamaq istəyirlər. İki dövlətli həllə ümid azalır, lakin biz bu işığın sönməsinə icazə verə bilmərik. Bu gün biz Fələstin dövlətini tanıyan 150-dən çox ölkəyə qoşuluruq”.

Bu 10 ölkənin BMT Baş Assambleyasında verəcəyi açıqlamalarla Fələstin Dövlətini tanıyan ölkələrin sayının 157-yə yüksələcəyi gözlənilir.

İşğalçı baş nazir Netanyahu Fələstin dövlətini tanıyan dövlətlərin “terrorçuluğu mükafatlandırdığını” iddia edib. Netanyahu illərdir Fələstin dövlətinin qurulmasına mane olduqlarını və buna imkan verməyəcəklərini bəyan edib: "Fələstin dövlətinin yaradılması çağırışları bizim mövcudluğumuzu təhdid edir və terrorizm üçün əsassız mükafatdır. Biz Birləşmiş Millətlər Təşkilatına və bütün digər cəbhələrə qarşı durmalı və haqqımızda yayılan yalan təbliğatla mübarizə aparmalı olacağıq. Birləşmiş Millətlər Təşkilatında şər qüvvələrə qarşı ədalətli mübarizəmizdə mən həqiqəti və həqiqi sülhə dair doğulmuş vizyonumuzu təqdim edəcəyəm".

Netanyahu, ABŞ-dan qayıtdıqdan sonra ölkələrin Fələstin dövlətini tanımaq qərarlarına cavab verəcəyini bildirib və “Gözləyin, görəcəksiniz” sözləri ilə üstüörtülü şəkildə İordan çayının qərb sahilinin ilhaqı ilə təhdid edib.

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir, maliyyə naziri Bezalel Smotriç və mədəniyyət və idman naziri Miki Zohar da üç ölkənin Fələstin dövlətini tanımaq qərarından sonra İordan çayının qərb sahilinin ilhaqına çağırıblar.

TAHİR

Seçilən
9
3
baki-xeber.com

10Mənbələr