KXDR lideri Seulu ABŞ-nin koloniyası adlandırıb və düşmən elan edib...
Poliqon xəbər verir ki, Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya ilə birləşməni mümkünsüz sayıb və Seulu ABŞ-ın “koloniyası” adlandıraraq dəyişməz düşmən elan edib. Bu barədə o, sentyabrın 21-də keçirilən KXDR Ali Xalq Məclisinin 14-cü çağırışının 13-cü sessiyasında proqram xarakterli çıxışında bəyanat verib. Məlumatı Koreya Mərkəzi Teleqraf Agentliyi (KCTA) yayıb.
Kim Çen In çıxışında Cənubi Koreyanın “doğma arzusu”nun Şimali Koreyanın siyasi sistemini və rejimini məhv etmək olduğunu bildirib. Onun sözlərinə görə, hərçənd yeni Cənubi Koreya administrasiyası Li Ce Myonun rəhbərliyi ilə əvvəlki hökumətlərdən fərqli olaraq barışıq və münasibətlərin yaxşılaşdırılması xəttini elan edib, bu, heç bir real nəticə verməyib.
KXDR lideri vurğulayıb ki, Seulun 2026-cı il dövlət büdcəsində hərbi xərclər əvvəlki prezident Yun Sok Yol dövrü ilə müqayisədə 8,2 faiz artırılıb. Bu isə Cənubi Koreyanın siyasətində fundamental dəyişiklik olmadığını göstərir.
Kim Çen In xüsusilə son vaxtlar gündəmdə olan Koreyanın birləşməsi məsələsinə toxunaraq, bu müzakirələrin mənasız olduğunu deyib: “Milli maraqlar baxımından biz siyasətini və müdafiəsini xarici dövlətlərə təhvil verən ölkə ilə birləşmək niyyətində deyilik”.
Şimali Koreya lideri əlavə edib: “Dünyada heç vaxt bir-biri ilə düşmən olan iki xalqın bu şəkildə birləşməsi nümunəsi olmayıb. Niyə biz birləşməyə çalışmalıyıq ki, dövlətlərdən biri sıradan çıxmalı olsun? Biz bunu milli qanunvericiliyimizdə aydın şəkildə təsbit edəcəyik: Koreya Respublikası ilə biz iki ayrı dövlətdik, aramızda sərhəd var və heç vaxt vahid dövlət ola bilməyəcəyik”.
Poliqon.info