AZ

Tramp ABŞ-da H-1B vizasının rüsumunu 100 min dollara qaldırdı

ABŞ prezidenti Donald Tramp imzaladığı yeni sərəncamla ölkəyə gələn xarici mütəxəssislər üçün ən vacib işçi vizası hesab edilən H-1B-nin rüsumunu kəskin artırıb. AzPost xəbər verir ki, Bloomberg-in məlumatına görə, 21 sentyabr 2025-dən etibarən bu viza üçün müraciət haqqı şirkətlərə 100 min dollara başa gələcək.

Yeni qərar ilk növbədə Hindistanın nəhəng IT şirkətlərinə ciddi zərbə vuracaq. Infosys, TCS və HCL Tech kimi texnologiya nəhəngləri illərlə minlərlə mühəndisini ABŞ-a bu proqram vasitəsilə göndərirdi. Analitiklərin hesablamasına görə, təkcə Infosys şirkətinin 2024-cü ildəki təsdiqlənmiş müraciətləri üzrə xərcləri 250 milyon dolları keçəcəkdi.

Hindistan baş naziri Narendra Modi üçün bu addım Vaşinqtonla münasibətlərdə yeni sınaq kimi qiymətləndirilir. Müxalifət artıq hökuməti milli maraqları qoruya bilməməkdə ittiham edir.

Ekspertlərin fikrincə, qərar təkcə Hindistan outsourcing bazarına deyil, həm də ABŞ korporasiyalarına zərər vuracaq. Microsoft, Google və Amazon rəhbərliyi əməkdaşlarını beynəlxalq səfərlərdə ehtiyatlı olmağa çağırıb. Eyni zamanda, gözlənilir ki, böyük şirkətlər artan xərclərə görə Hindistanda daha çox texnoloji mərkəz açmağa üstünlük verəcəklər.

Hüquqşünaslar isə bildirirlər ki, yeni qaydalar federal immiqrasiya qanunvericiliyi ilə ziddiyyət təşkil edir. ABŞ biznes dairələri artıq qərarı məhkəmədə mübahisələndirməyə hazırlaşır. İqtisadçılar xəbərdarlıq edirlər ki, bu addım “təklif şoku” yaradaraq bazarda qeyri-müəyyənlikləri artıracaq.

Qeyd edək ki, Tramp administrasiyası miqrasiya siyasətini sərtləşdirməyi prioritet elan edib. Avqust ayında Dövlət Departamenti 55 milyondan çox xarici vətəndaşın viza məlumatlarını yoxlamağa başlamışdı. Məqsəd – qanun pozuntularını aşkar etmək və mümkün deportasiya prosesini sürətləndirməkdir.

AzPost.az

Seçilən
3
1
azpost.info

2Mənbələr