İspaniya La Liqasının V turunda “Barselona” öz meydanında “Xetafe” ilə qarşılaşıb.
90deqiqe.Az-ın məlumatına görə, San-Çoan-Despida yerləşən “Yohan Kroyf” stadionunda keçirilən oyun kataloniyalıların 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşmanın 15-ci dəqiqəsində Ferran Torres Dani Olmonun ötürməsindən sonra hesabı açıb. 34-cü dəqiqədə isə hücumçu braziliyalı Rafinyanın asistindən sonra dubla imza atıb. 62-ci dəqiqədə artıq Olmonun özü fərqlənib – ona qolu əvəzləyici kimi oyuna daxil olan Markus Raşford hazırlayıb.
Bu qələbə ilə “Barselona” beş turdan sonra xallarını 13-ə çatdırıb və turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Komanda lider “Real”dan iki xal geri qalır. “Xetafe” isə 9 xalla 8-ci yerdə mövqelənib.