AZ

Kilian Mbappe Tyerri Anrini La Liqada da keçdi

Fransalı hücumçu Kilian Mbappe İspaniya La Liqasında vurduğu qolların sayına görə veteran futbolçu Tyerri Anrini geridə qoyub.

Arena.az xəbər verir ki, bu, La Liqanın 2025/2026-cı illər mövsümünün 5-ci turu çərçivəsində keçirilmiş “Espanyol”la ev oyununda (2:0) reallaşıb.

Mbappe bu matçda 1 qola imza atıb. O, 47-ci dəqiqədə fərqlənərək La Liqada vurduğu qolların sayını 36-ya çatdırıb və “Barselona”nın sabiq futbolçusu Tyerri Anrini (35 qol) geridə qoyub.

Qeyd edək ki, La Liqada ən çox qol vurmuş fransalı futbolçu Kərim Benzemadır. Onun hesabında 238 qol var. Növbəti pillələrdə Antuan Qrizmann (198), Kevin Qameyro (74), Mişel Pineda (50), Vissam Ben Yedder (38) var.

Kilian Mbappe futbola Fransanın “Bondi” klubunda qədəm qoyub. Ardınca “Klerfonten”ə keçib, oradan isə “Monako”ya yol tapıb və böyük futbolda məhz “Monako” ilə debüt edib.

2015-2018-ci illərdə Knyazlıq klubunun əsas komandasında çıxış etmiş Mbappe, 2018-ci ilin iyul ayında 180 milyon avro məbləğ müqabilində PSJ-yə keçib. Kilian 2018-2024-cü illər aralığında Paris klubunun heyətində 307 oyuna çıxıb, 256 qol, 108 məhsuldar ötürmə ilə fərqlənib. Vurduğu 256 qolla Kilian PSJ tarixinin ən sərrast futbolçusudur.

Kilian Mbappe 2024-cü ilin iyul ayında PSJ-dən azad agent qismində ayrılaraq “Real”a keçib. “Kral klubu” fransalı hücumçu ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıb.

Mbappe cari mövsümdə “Real”ın heyətində 6 oyuna çıxıb, 7 qol vurub, 1 məhsuldar ötürmə verib. Fransalı futbolçunun Madrid klubunun heyətində ümumi statistikası isə belədir: 65 oyun, 51 qol, 6 məhsuldar ötürmə.

Kilian Mbappe hazırda kapitanı olduğu, 2017-ci ilin mart ayında debüt etdiyi Fransa yığmasının heyətində 92 oyun keçirib, 52 qol vurub və 38 məhsuldar ötürmə verib. Kilian “xoruzlar”la 2018-ci ildə Rusiyada keçirilmiş dünya çempionatının (DÇ-2018) və UEFA Millətlər Liqasının (2021) qalibi olub.

Klub səviyyəsində Mbappe PSJ ilə 6 dəfə və “Monako” ilə 1 dəfə Fransa Liqa 1-in, 4 dəfə Fransa Kubokunun, 2 dəfə Fransa Liqa Kubokunun, 3 dəfə Fransa Super Kubokunun qalibi olub, həmçinin dəfələrlə müxtəlif fərdi mükafatlara layiq görülüb. “Real”la isə Mbappe UEFA Super Kubokunun (2024) və FIFA Qitələrarası Kubokun (2024) qalibi olub.

Həmçinin Mbappe “Real”ın heyətində ilk mövsümündəcə, 2024/2025-ci illər mövsümünün İsapniya La Liqasının 31 qolla ən sərrast qolçusu olub və “Qızıl buts” mükafatını qazanıb.

“Transfermarkt” internet-portalı 26 yaşlı fransalı hücumçunun transfer dəyərini 180 milyon avro məbləğində qiymətləndirir.

error: Məzmun qorunur!
Seçilən
1
5
arena.az

10Mənbələr