AZ

10 ildir davam edən müəmmalı ölümlərin sirri nəhayət açıldı

ain.az bildirir, Qaynarinfo saytına əsaslanaraq.

Son on ildə Meksikadan Alyaskaya qədər uzanan Sakit okean sahillərində dəniz ulduzlarını kütləvi şəkildə məhv edən xəstəliyin səbəbi məlum olub. 

Qaynarinfo xəbər verir ki, xəstələnən dəniz ulduzlarının bədənlərində yaralar əmələ gəlir, qolları bükülür və sanki parçalanaraq yox olurdular. Bu proses ekosistemdə ciddi dağıntılara gətirib çıxarmışdı.

"Dəniz ulduzu zəifləmə xəstəliyi" (SSWD) kimi tanınan bu fəlakətin səbəbi uzun müddət elm dünyası üçün sirr olaraq qalmışdı. Nəhayət, Hakai İnstitutu və Britaniya Kolumbiyası Universitetinin alimləri apardıqları araşdırma ilə cavabı tapıblar. "Nature Ecology & Evolution” jurnalında yayımlanan nəticələrə görə, xəstəliyin günahkarı son dərəcə yoluxucu bir bakteriya – "Vibrio pectenicida"dır.

Araşdırma zamanı xəstə dəniz ulduzlarından götürülən nümunələrdə eyni bakteriya aşkar edilib. Daha sonra sağlam dəniz ulduzları üzərində aparılan təcrübələr, bakteriyanın xəstəliyin birbaşa səbəbi olduğunu təsdiqləyib.

Dəniz ulduzlarının yoxluğu təbiətdə balansı pozub. Onların azalması ilə dəniz kirpilərinin sayı sürətlə artıb. Artan kirpi populyasiyası isə Sakit okean sahillərindəki nəhəng yosun meşələrini məhv etməyə başlayıb. Yosun meşələri isə həm dəniz canlıları üçün mühüm yaşayış yeri və qida mənbəyidir, həm də sahilləri eroziyadan qoruyur.

Hakai İnstitutunun tədqiqatçısı Melani Prentis vəziyyəti belə izah edir: "Biz yalnız sevdiyimiz dəniz ulduzu növlərini deyil, bu xəstəlik üzündən çökmüş bütün dəniz ekosistemlərini itiririk".

O, dəniz ulduzlarının bərpasının yosun meşələrinin də canlanmasına, bununla da sahillərin iqlim böhranına qarşı qorunmasına kömək edəcəyini vurğulayıb.

Artıq səbəb bəlli olduğuna görə, alimlər diqqəti gələcəkdə dəniz ulduzlarını necə qorumağın mümkünlüyünə yönəldiblər. Bu, xüsusilə populyasiyanı gücləndirmək üçün nəzərdə tutulan və yoluxma riskini aradan qaldırmaq üçün ciddi nəzarət tələb edən yetişdirmə proqramları üçün həyati əhəmiyyət daşıyır.

Bundan əlavə, gələcək araşdırmalar bakteriyanın dəniz ulduzlarına necə keçdiyini və hansı şəraitdə onların müqavimət göstərə biləcəyini öyrənməyi hədəfləyir. Alimlərə görə, sualtı ekosistemlərinin sağlamlığı insan sağlamlığı ilə birbaşa bağlıdır.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr