AZ

Göyçayda Dövlət Suverenliyi Günü qeyd olunub

Göyçay, 20 sentyabr, Rəşad Türkoğlu, AZƏRTAC

20 Sentyabr – Dövlət Suverenliyi Günü münasibətilə Göyçay rayon Heydər Əliyev Mərkəzində tədbir təşkil olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin başçısı Natiq Ağayev, YAP rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, mədəniyyət və xidmət sahələrinin əməkdaşları, ziyalılar, Vətən müharibəsi və antiterror əməliyyatları iştirakçıları, şəhid ailələrinin üzvləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Heydər Əliyev Mərkəzinin qarşısında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Daha sonra Dövlət Himni səsləndirilib, Ulu Öndərin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsi anılıb.

Tədbirdə çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev bildirib ki, 2023-cü ilin sentyabrın 19–20-də Qarabağda həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərindən iki il ötür. Dövlətçilik tariximizə yazılmış həmin günlər Azərbaycan xalqının qürur mənbəyi kimi daim xatırlanacaq. 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərdən sonra birgünlük antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyi tam təmin olundu, sərhədlərimiz bütövləşdi. Bu əməliyyat həm də beynəlxalq hüquq müstəvisində dövlət suverenliyinin bərpası, ərazi bütövlüyünün təmin edilməsi və milli təhlükəsizliyin möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyır.

Sonra antiterror tədbirlərinin Ərəbcəbirli və Çərəkə kəndlərindən olan iştirakçılarına təşəkkürnamə və hədiyyələr təqdim edilib.

Vətən müharibəsi şəhidi Orxan Kərimlinin atası Akif Kərimov, Vətən müharibəsi iştirakçısı, Yeniarx kənd tam orta məktəbinin direktoru Ayaz Babayev çıxışlarında Azərbaycanın suverenliyinin əbədi olaraq təmin edilməsini vurğulayıblar.

Tədbir bədii hissə ilə davam edib.

Seçilən
11
azertag.az

1Mənbələr