Niderlandın Haaqa şəhərində miqrasiya əleyhinə nümayiş polis ilə toqquşmalarla nəticələnib.
APA xəbər verir ki, bu barədə “NOS” məlumat verib.
Məlumata görə, Haaqanın mərkəzində, Malieveld meydanında keçirilən nümayişdə hökümətin mövcud sığınacaq siyasətinə qarşı şüarlar səsləndirilib. Aksiyanın əvvəlində sakitlik hökm sürsə də, sonradan gərginlik yaranıb.
Gərginlik, etirazçıların yaxınlıqdakı A12 magistral yolunu bağlamaq cəhdindən sonra artıb. Polis bildirir ki, asayiş keşikçilərinə daş və şüşə butulkalar atılıb, bir xidməti avtomobil yandırılıb. Polis isə cavab olaraq etirazçılara qarşı su şırnağından istifadə edib.
Qeyd edilib ki, Niderland şəhərləri yenidən hökumətə müraciət edərək müvəqqəti qoruma altındakı ukraynalı qaçqınlar üçün yer olmadığını bildiriblər.
Eyni zamanda, Niderland hökuməti hesab edir ki, ölkədə işləyən ukraynalılar vergi ödəyir və “maksimum töhfə verirlər”, buna görə onlara Niderlandda daha uzun müddət qalmaq imkanı verilməlidir.