AZ

Uzunmüddətli yağışlar səbəbindən Mahaçqalada küçələri su basıb

Moskva, 20 sentyabr, AZƏRTAC

Mahaçqalanın icra başçısının səlahiyyətlərini icra edən Cambulat Salavov bildirib ki, şəhərdə güclü leysan səbəbindən yaranan fəsadların aradan qaldırılması üçün iyirmi kommunal briqada sutkalıq rejimdə işləyəcək.

AZƏRTAC xəbər verir ki, davamlı yağışlar səbəbindən Mahaçqalanın küçələrini, o cümlədən şəhər mərkəzini su basıb, böyük tıxaclar yaranıb. Sosial şəbəkələrdə təbii fəlakətin nəticələrini əks etdirən görüntülər yayılıb.

Dağıstanın rəhbəri Sergey Melikov vəziyyətin çətin, lakin nəzarət oluna biləcək halda olduğunu qeyd edib. Onun sözlərinə görə, kommunal xidmətlərin əsas prioriteti enerji sistemində qəza baş verməsinin qarşısını almaqdır. Buna görə də, ilk növbədə, transformator stansiyalarının yerləşdiyi ərazilərdə suyun çəkilməsi həyata keçirilir.

O, fövqəladə vəziyyət elan olunması üçün heç bir əsas olmadığını vurğulayıb. Şəhərin icra orqanları isə sakinləri su kəmərinə çirkləndirici maddələrin düşə biləcəyi barədə xəbərdar edərək, kran suyundan istifadədən çəkinməyi tövsiyə edib.

Sinoptiklərin proqnozuna görə, yağışların nəticələrinin aradan qaldırılması üzrə işlər həftəsonuna qədər fövqəladə rejimdə davam etdiriləcək. Daha sonra isə kommunal xidmətlər onilliklərdir yığılıb qalan problemlərin planlı şəkildə həllinə başlayacaq.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Seçilən
6
28
azertag.az

10Mənbələr