AZ

"Formula 1" Azərbaycan Qran-prisi ilə müqavilənin müddətini uzadıb

"Formula 1" üzrə Azərbaycan Qran-prisinin müqaviləsinin müddəti uzadılır.

Bu barədə Missiya.Az-a Bakı Şəhər Əməliyyatı Şirkətindən məlumat verilib.

Yeni anlaşmaya əsasən, ölkəmizdəki yarış 2030-cu ilədək davam edəcək.

"Formula 1"in prezidenti Stefano Domenikali Bakının inanılmaz enerjisi olduğunu söyləyib:

"Biz 2016-cı ildə buradakı ilk Qran Primizdən bəri Azərbaycandan həmişə səmimi və coşqulu qarşılama görmüşük. Tras unikaldır – həm texniki hissələr, həm də möhtəşəm sahilboyu və tarixi şəhər mərkəzindən keçən uzun düzlüklər var və hər il hadisələrlə zəngin, əyləncəli yarış təqdim edir. Bu yenilik "Formula 1", Azərbaycan hökuməti və promouter arasında güclü etimadı və öhdəliyi əks etdirir, ölkədə həyəcanlı gələcəyə yol açır".

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, "Formula 1" ilə tərəfdaşlığın uzadılması Azərbaycan rəhbərliyinin vizionunu və istiqamətini əks etdirir:

"Bu, ölkəmizin böyük idman tədbirləri üçün qlobal mərkəz kimi qalmasını təmin edir, idmanın gücü ilə gələcək nəsillərə ilhamverici miras qoyur. İllər ərzində Azərbaycan Qran Prisi "Formula 1" təqvimində ən çox gözlənilən yarışlardan birinə çevrilib, yalnız trasa həyəcanlı mübarizə deyil, eyni zamanda paytaxtımızın gözəlliyini, enerjisini və qonaqpərvərliyini nümayiş etdirib. Bu uzadılma dünya səviyyəli tədbirlərə ev sahibliyi etmək öhdəliyimizi təsdiqləyir və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha da gücləndirir. Birlikdə biz Bakını canlı, dünya səviyyəli idman məkanı kimi təqdim etməyə davam edəcəyik, bütün dünyadan azarkeşləri həm "Formula 1"in həyəcanını, həm də şəhərimizin və ölkəmizin unikal ruhunu yaşamağa dəvət edəcəyik".

Qeyd edək ki, Bakıda "Formula 1" yarışları 2016-cı ildən təşkil edilir.

Seçilən
13
11
missiya.az

10Mənbələr