AZ

“20 sentyabr Azərbaycanın xalqının qürur günü kimi tarixə düşdü”

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən 2 il ötür. Lokal xarakterli antiterror tədbirlərindən bir neçə ay əvvəl Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Bu barədə Demokrat.az-a açıqlamasında millət vəkili Arzuxan Əlizadə deyib ki, Azərbaycan 2020-ci ilin 27 sentyabrında başlayan II Qarabağ müharibəsində möhtəşəm qələbə qazandı:“44 gün ərzində 30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin əhəmiyyətli hissəsi azad olundu.  Lakin bu qələbədən sonra da ölkəmiz bəzi lokal antiterror tədbirlərini həyata keçirmək məcburiyyətində qaldı. Bu prosesin kulminasiya nöqtəsi 2023-cü ilin 19-20 sentyabr tarixlərində baş verdi. Cəmi 23 saat ərzində Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən 10 mindən artıq erməni silahlı dəstələri tam zərərsizləşdirildi. Onlardan təxminən 1000 nəfər neytrallaşdırıldı, digərləri isə silahlarını yerə qoyaraq qaçdılar. Beləliklə, Azərbaycan növbəti tarixi zəfərə imza atdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etdi və 1992-ci ildən BMT-yə üzv oldu. Birinci olaraq Türkiyə Azərbaycanın müstəqilliyini tanıdı, daha sonra digər ölkələr də bunu rəsmiləşdirdi. Lakin bu müstəqillik dövründə ərazilərimizin 20%-i işğal altında qaldı”.Millət vəkili diqqətə çatdırıb ki, 2023-cü ilin 20 sentyabrında ilk dəfə olaraq Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa etdi:“Bu, sadəcə hərbi və siyasi uğur deyil, eyni zamanda beynəlxalq ictimaiyyətə "Azərbaycan modeli"nin nümayişi oldu. Dünya bu gün bir çox bölgədə separatçılığın və terrorizmin qarşısının alınmasının nə qədər çətin olduğunu görür. Azərbaycan isə bu problemi təkbaşına və qətiyyətlə həll etdi. Bu zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu qarşısında baş əyirik, qazilərimizə can sağlığı arzulayırıq. Bu zəfərin baş memarı isə, şübhəsiz ki, ölkə Prezidenti İlham Əliyevdir. Onun qətiyyətli siyasi iradəsi, düzgün xarici siyasəti, daxildəki birlik və barış mühitinin yaradılması Azərbaycanın bu nailiyyətə çatmasını mümkün etdi.  2024-cü ilin Prezident İlham Əliyev tərəfindən “Konstitusiya və Suverenlik İli" elan edilməsi də bu tarixi əhəmiyyətin təsdiqidir. 30 ildən sonra ölkəmiz nəinki müstəqil, həm də bütün ərazisinə tam nəzarət edən, suveren, güclü bir dövlət kimi tarix səhnəsindədir. Bu gün hər bir Azərbaycan vətəndaşı başı dik, qürurla deyə bilər ki, biz müstəqilik, biz suverenik və bu suverenliyi qoruya bilən güclü bir xalqın övladıyıq”.Siyasi şərhçi Asif Nərimanlı bildirib ki,  2023-cü il 19 sentyabr tarixində həyata keçirilən antiterror əməliyyatları Azərbaycan üçün tarixi əhəmiyyət kəsb edir:“Bu əməliyyatlar dövlətimizin ərazi bütövlüyünü və suverenliyini qorumaq, həmçinin vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə atılmış çox önəmli addım idi. Əməliyyatların uğurla başa çatması dövlətin təhlükəsizlik strukturlarının operativ və peşəkar fəaliyyətinin nəticəsidir. Bu əməliyyatlar göstərdi ki, Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının təhlükəsizliyini qorumağa qadir və qətiyyətlidir. Əməliyyatlar ölkədə qanunun qorunmasına və terrorizmə qarşı mübarizənin güclənməsinə xidmət etdi”.A.Nərimanlı əlavə edib ki, siyasi baxımdan bu addım ictimai birliyin güclənməsinə səbəb oldu:“Vətəndaşlar dövlətin yanında olduqlarını hiss etdilər və bu, ölkədə sabitliyin qorunmasına yardım etdi. Əməliyyat həm də beynəlxalq tərəfdaşlara Azərbaycanın öz ərazi bütövlüyünü qorumaqda qətiyyətli olduğunu göstərdi. Bu, dövlətin daxili və xarici siyasətində möhkəmlik və nüfuz qazandırdı. İkinci ildönümü ilə bağlı keçirilən tədbirlər və xatirə mərasimləri vətəndaşların dövlətə bağlılığını gücləndirir. Bu, gələcək nəsillərə vətənpərvərlik mesajı verir və təhlükəsizliyin önəmini göstərir. Analitiklər hesab edir ki, bu cür həlledici əməliyyatlar yalnız strateji üstünlük yaratmır, həm də ölkədə sabitliyin və təhlükəsizliyin uzunmüddətli qorunmasına xidmət edir. Əməliyyatların nəticələri göstərir ki, Azərbaycan dövləti hər zaman təhlükələrə qarşı hazırlıqlıdır. Vətəndaşlarının təhlükəsizliyini ən yüksək səviyyədə təmin etmək qabiliyyətinə malikdir. Dövlətin qətiyyətli mövqeyi həm daxildə, həm də xaricdə hörmət və etibar qazandırır”.Leyla Turan

Demokrat.azQeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” istiqamətində hazırlanıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
demokrat.az

2Mənbələr