
ABŞ Prezidenti Donald Trampın administrasiyası Harvard Universitetinə qarşı təzyiqləri gücləndirib.
Yeniavaz.com “Reuters”ə istinadən xəbər verir ki, Təhsil Departamenti ABŞ-nin ən qədim və ən zəngin universitetinin "maliyyə vəziyyəti" ilə bağlı narahatlıqları əsas gətirərək, məktəbin federal tələbə yardım fondlarına çıxış imkanlarına yeni məhdudiyyətlər qoyub.
Qeyd edək ki, Tramp daha əvvəl universitetləri bir sıra məsələlərdə, o cümlədən İsrail-Fələstin münaqişəsi ilə bağlı etirazlara münasibət, transgender siyasətləri, iqlim və müxtəliflik təşəbbüsləri səbəbilə kəskin tənqid edib. Prezident Harvardın “ən azı 500 milyon dollar” ödəməli olduğunu bəyan edib.
Bundan əlavə, Təhsil Departamenti Harvardın qəbul prosesində irqi faktorları nəzərə alıb-almadığını araşdırır. ABŞ Ali Məhkəməsi 2023-cü ildə bu praktikanı qanunsuz elan edib.
Qeyd edək ki, iyul ayında Kolumbiya Universiteti hökumətlə razılaşaraq 220 milyon dollardan çox məbləğ ödəməyi qəbul edib, Braun Universiteti isə əlavə olaraq yerli işçi qüvvəsinin inkişafı üçün 50 milyon dollar ayıracağını açıqlayıb.