Yaxın keçmişin futbol ulduzları - hazırda futbol eksperti qismində fəaliyyət göstərən Tyeri Anri və Ceymi Karrager "CBS Sports" kanalında UEFA Çempionlar Liqasının 1-ci turunun oyunlarını şərh edərkən "Qarabağ"ın Portuqaliya “Benfika”sı üzərində Lissabonda qazandığı (3:2) qələbədən danışıblar.
Fanat.Az xəbər verir ki, Fransa millisinin, "Arsenal"ın və "Barselona"nın sabiq hücumçusu Anri belə deyib:
"Bu həftə sosial şəbəkə hesablarım Azərbaycan bayraqları ilə dolu idi. Yuxudan oyananda minlərlə mesaj gördüm. Mən sadəcə həqiqəti deməyə çalışırdım. "Qarabağ" həqiqətən güclü komandadır. Onlar həm topla, həm də topsuz çox yaxşıdırlar. Düşünürəm ki, əsas gücləri də budur”.
Karrager isə əlavə edib: "Desəm ki, Tyerinin sosial şəbəkə hesablarında Azərbaycan bayraqlarını görəndə təəccüblənmədim, yalan olar. O, artıq bütün Avropa üzrə proqnozlarını bölüşür. Mən onun "Qarabağ" haqqında dedikləri ilə razıyam. Bu kollektiv həqiqətən təsiredici komandadır. İntizamı, oyun keyfiyyəti göz oxşayır. Həm top ilə, həm də topsuz yaxşı oynamaları onları başqalarından fərqləndirir”.
Qeyd edək ki, Anri “Benfika” ilə qarşılaşmadan əvvəl Ağdam təmsilçisinin sürpriz edəcəyini proqnozlaşdırmışdı.