AZ

20 Sentyabr – Dövlət Suverenliyi Günü və Tarixi Qələbənin Simvolu

20 sentyabr tarixi Azərbaycanda həm Dövlət Suverenliyi Günü, həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd olunur. Bu tarix, Azərbaycanın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda apardığı uzunmüddətli mübarizənin simvoluna çevrilmişdir.

Tarixi Əməliyyat və Suverenliyin Bərpası
2023-cü ilin sentyabrında Qarabağ iqtisadi rayonunda Ermənistanın törətdiyi genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə Azərbaycan Ordusu lokal antiterror tədbirləri həyata keçirdi. Cəmi 23 saat 43 dəqiqə davam edən bu əməliyyat nəticəsində qondarma “Dağlıq Qarabağ rejimi” fəaliyyətini dayandırdı, separatçılar təslim oldu və Azərbaycan bütün əraziləri üzərində suverenliyini tam şəkildə bərpa etdi.
Bu hadisə, müasir Azərbaycan tarixində dövlət suverenliyinin təşəkkülündə dönüş nöqtəsi kimi qiymətləndirilir.

Yeni Dövlət Bayramı – 20 Sentyabr

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə hər il sentyabrın 20-si “Dövlət Suverenliyi Günü” kimi qeyd olunur. Sərəncamda deyilir:
“Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.”
Bu qərar, Azərbaycanın 1991-ci ildə bərpa olunan müstəqilliyinin son mərhələdə tam təmin edildiyini və dövlətin bütün əraziləri üzərində real nəzarətə sahib olduğunu rəsmiləşdirən mühüm bir siyasi aktdır.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Günü

Prezident İlham Əliyevin 2024-cü il 18 sentyabr tarixli Sərəncamı ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Günü də təsis edilmişdir. Hər il 20 sentyabrda bu şəhərlərin Azərbaycana qayıdışı təntənəli şəkildə qeyd olunur. Bu qərar, 30 illik işğal və mübarizənin nəticəsi olaraq Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün rəsmən təsdiqidir.

Bayrağın Xankəndidə Ucaldılması – Tarixi An

2023-cü il oktyabrın 15-də Prezident, Ali Baş Komandan İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. Dövlət başçısı bu tarixi hadisə ilə bağlı çıxışında bildirdi:
“Bu gün tarixi bir gündür. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. 20 il bundan əvvəl xalq mənə etimad göstərdi və Prezident seçildim. O zaman söz vermişdim ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyəm. Şadam ki, verdiyim bütün vədlər yerinə yetirildi. Bu günü biz 30 ildən çox gözləmişdik. Hər birimiz bu müqəddəs günü yaxınlaşdırmaq üçün öz yerimizdə çalışırdıq.”

Zəfər Paradı və Qarabağ Universiteti

2023-cü il noyabrın 8-də, Şuşanın azad edilməsinin ildönümündə Xankəndi şəhərində Zəfər paradı keçirildi. Bu, Azərbaycan Ordusunun gücünün və xalqın əzminin rəmzi idi. Prezident İlham Əliyev çıxışında dedi:

“İkinci Qarabağ müharibəsi Azərbaycan dövlətinin tam Zəfəri ilə nəticələndi. Xalqımız uzun illər bir nöqtəyə vururdu – işğala son qoymaq üçün. Bu gün həmin arzuların gerçəkləşdiyi gündür.”

Həmçinin, 2023-cü il 28 noyabr tarixli Sərəncamla Xankəndi şəhərində Qarabağ Universiteti yaradıldı. Bu qərar, bölgənin bərpası və gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır.
Ağdərə Rayonunun Yaradılması və İdman Hadisələri

2023-cü il dekabrın 5-də qəbul edilən qanuna əsasən, Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati bölgüsündə dəyişiklik edilərək, mərkəzi Ağdərə şəhəri olmaqla yeni rayon yaradıldı.

Eyni zamanda, 2023-cü il dekabrın 21-də Xankəndidə ilk rəsmi futbol oyunu keçirildi. Azərbaycan Kubokunun 1/8 final mərhələsində “Qarabağ” və MOİK komandaları qarşılaşdı. Oyunu Prezident İlham Əliyev də stadiondan izləyib.
Bu oyun, 30 illik fasilədən sonra işğaldan azad edilən Qarabağ torpaqlarında baş tutan ilk rəsmi idman tədbiri kimi tarixə düşdü. 

Bu gün Azərbaycan tam suveren bir dövlət olaraq daxili sabitliyi, ərazi bütövlüyü və toxunulmaz sərhədləri ilə yeni inkişaf mərhələsinə qədəm qoyub. 20 sentyabr – Dövlət Suverenliyi Günü, xalqımızın milli iradəsinin, qürurunun və 30 illik mübarizəsinin rəmzidir.

Dövlət suverenliyi – xalqımızın ən böyük sərvəti və gələcək nəsillərə əmanət ediləcək tarixi nailiyyətdir.
        Bəxtiyar ƏLİYEV
"Naxçıvan Şəhid Ailələri" İctimai Birliyinin mətbuat katibi
"Azərbaycan Jurnalistlər Birliyi" nin üzvü



Seçilən
15
herbiand.az

1Mənbələr