AZ

Sülhə bir addım: Andranik Simonyanın Bakı səfərinin DETALLARI

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Andranik Simonyan Azərbaycana səfər edib.

“Cebheinfo.az”-ın məlumatna görə, Simonyanın başçılıq etdyi nümayəndə heyəti sentyabrın 19-21-də Bakıda keçiriləcək “3-cü Beynəlxalq Təhlükəsizlik Forumu”nda iştirak edəcək.

Qeyd edək ki, Ermənistan dövlət nümayəndə heyətinin Azərbaycana səfəri tədbirdə iştirakı rəsmi Bakının regional təhlükəsizliyin və sülhün təmin olunmasına yönəlik növbəti jesti kimi başa düşülə bilər.

Bununla da Azərbaycan sülhün bərqərar olmasında maraqlı olduğunu nümayiş etdirir. Andranik Simonyanın məhz avqustun 8-də Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanmasından sonra Bakı gəlməsi qarşılıqlı münasibətlərdə yeni mərhələnin başlanmasından xəbər verir.

Əlbəttə, real sülhdən danışmağın vaxtı hələ çatmasa da, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin 16 nəfər əməkdaşını Bakıya gəlməsi, eləcə də perspektivdə Azərbaycan rəsmilərinin İrəvana mümkün səfərləri qarşılıqlı etimadın gücləndirilməsi baxımından vacib amildir. Bu da sülh prosesini sürətləndirə bilər. 

Qeyd edək ki, əvvəllər Azərbaycan və Ermənistan rəsmiləri hər iki ölkədə keçirilən rəsmi tədbirlərə dəvət edilsələr də demək olar ki, iştirak etmirdilər.

2024-cü ilin noyabr ayında BMT-nin Qlobal İqlim Dəyişikliyinə dair Bakıda keçirilən 29-cu konfransına (COP29) Ermənistan tərəfi dəvət edilsə də, qatılmaqdan imtina etmişdi. 

Hətta Nikol Paşinyan başda olmaqla Ermənistan rəsmiləri “COP29”-a qatılmaq üçün bir sıra siyasi şərtlər irəli sürdülər. Ancaq indi Simonyanın Bakıya səfəri regionda geosiyasi konfiqurasiyanın dəyişməsindən xəbər verir. 

Avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh sazişinin paraflanması və kommunikasiyaların blokdan açılmasına dair razılaşmanın imzalanmasından sonra regionda yeni konyukturun yaranması müşahidə olunur. Ona görə də müxtəlif tədbirlər çərçivəsində dövlət rəsmilərinin Azərbaycana və Ermənistana qarşılıqlı səfərlərinin sayının artacağı istisna edilmir. 

Bildirək ki, sentyabr ayının 11-də Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri hər iki ölkənin ərazisinə səfər etmişdilər. Şahin Mustafayev və Mher Qriqoryan sərhədlərin delimitasiyası prosesi ilə əlaqədar Zəngilan və Mehri rayonları ərazilərində müzakirələr aparmışdılar. 

Artıq növbəti nümayəndə heyəti Bakıya gəlib. Gələcəkdə bu cür səfərlər daha yüksək səviyyədə həyata keçirilə bilər. Hətta hər iki ölkədə keçiriləcək beynəlxalq və regional tədbirlərdə xarici işlər nazirlərinin qatılaları da istisna edilmir.

Qarşılıqlı etimadın getdikcə güclənməsi yönündə atılan addımlar və sülh müqaviləsinin proqnozlaşdırıldığı müddətdən də tez imzalanacağına dair məlumatlar Ceyhun Bayramovun İrəvana, Ararat Mirzoyanın isə Bakıya qarşılıqlı səfərlər etməsinə şərait yaradır. 

Seçilən
17
1
cebheinfo.az

2Mənbələr