AZ

Xankəndidə “Qarabağ - obyektivdən tarixə” adlı fotosərgi açılıb  

Sentyabrın 20-də Mədəniyyət Nazirliyinin və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Xankəndi şəhərindəki Konqres Mərkəzində “Qarabağ - obyektivdən tarixə” adlı fotosərgi açılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sərginin əsas məqsədi Azərbaycanın qədim diyarı olan Qarabağın təbii gözəllikləri, tarixi abidələri və bərpa-quruculuq prosesini peşəkar fotoqrafların obyektivindən ictimaiyyətə təqdim etməkdir. Tədbir, həmçinin xalqımızın Vətən müharibəsində qazandığı Zəfərin rəmzi olaraq, bölgənin yenidən canlandığına dair bir mesajdır.

Mədəniyyət Nazirliyinin İncəsənət və qeyri-maddi mədəni irs şöbəsinin müdiri İntiqam Babayev və Azərbaycan Fotoqraflar Birliyinin Təsisçisi Mirnaib Həsənoğlu iştirakçıları əlamətdar gün münasibətilə təbrik ediblər. Bildirilib ki, sərgidə tanınmış fotoqrafların əsərləri nümayiş olunur. Fotolar 2020-ci Vətən müharibəsindən sonra çəkilib və Azərbaycan Fotoqraflar Birliyinin arxivindəndir.

Sərgidə hər bir fotoqraf özünəməxsus baxış bucağı ilə Qarabağın ruhunu, həmçinin qədim abidələrin və müasir inkişafın ahəngini əks etdirən kadrlar təqdim edir.

"Qarabağ – obyektivdən tarixə" sərgisi ictimaiyyəti Qarabağın indiki həyatı və perspektivləri ilə tanış etməklə yanaşı, bölgənin mədəni və tarixi dəyərlərinin qorunmasına dair məlumatlandırmanı artırmağı hədəfləyir.

Seçilən
1
2
azerbaijan-news.az

3Mənbələr