AZ

Suveren dövlət



Suverenlik – hər bir xalqın azad və müstəqil şəkildə yaşamaq haqqını, öz siyasi taleyini müəyyən etmək və daxili işlərinə heç bir kənar müdaxilə olmadan sahib çıxmaq iradəsini ifadə edən ali dəyərdir. Bu mənada Azərbaycan Respublikasının suverenliyi, əsrlər boyu azadlıq, müstəqillik və dövlətçilik uğrunda apardığımız mübarizənin qanla, canla, böyük fədakarlıqlarla əldə edilmiş nəticəsidir.
Azərbaycan xalqı tarix boyunca müstəqil yaşamaq, öz dövlətinə sahib çıxmaq uğrunda saysız-hesabsız sınaqlardan keçmişdir. Şərqdə ilk demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini (1918) quran xalqımız, XX əsrin sonunda, 1991-ci ildə Sovet imperiyasının dağılması ilə öz müstəqilliyini bərpa etdi. Lakin bu müstəqillik asan əldə olunmadı – siyasi xaos, iqtisadi böhran, xarici müdaxilələr və ən əsası, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal altında qaldı.
Bütün bu çətinliklərə rəğmən, Azərbaycan xalqı dövlətçiliyindən, milli ideallarından və suverenlik əzmidən dönmədi. Məhz bu möhkəm iradə nəticəsində ölkəmiz dövlət quruculuğu yolunda böyük nailiyyətlərə imza atdı.
Azərbaycanın suverenliyinin gücləndirilməsində və ərazi bütövlüyünün bərpasında 2020-ci ilin Vətən müharibəsi həlledici rol oynadı. 44 gün ərzində ordumuz düşmənə sarsıdıcı zərbələr endirərək işğalda olan torpaqlarımızın böyük hissəsini azad etdi. Bu, təkcə hərbi deyil, həm də siyasi və milli iradənin təntənəsi idi.
Suverenliyin tam bərpası isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində keçirilmiş lokal antiterror tədbirləri ilə gerçəkləşdi. Cəmi bir gün davam edən bu əməliyyatla Azərbaycanın suverenliyinə və konstitusiya quruluşuna zidd şəkildə fəaliyyət göstərən separatçı silahlı birləşmələr tərk-silah edildi, qeyri-qanuni rejim ləğv olundu və dövlətin suveren hakimiyyəti bütün ərazilərimizdə bərpa olundu.
Bu əməliyyat həm də beynəlxalq hüququn, suverenlik prinsipinin və Azərbaycanın milli təhlükəsizlik maraqlarının tam və legitim şəkildə təmin olunması idi.
Suverenlik yalnız ölkənin fiziki ərazilərinə nəzarət deyil. O, hüquqi, siyasi, iqtisadi və mənəvi dayanıqlığın bütöv simvoludur. Suveren dövlət:
Müstəqil siyasət yürüdür – daxili və xarici siyasətini öz maraqlarına uyğun şəkildə müəyyənləşdirir;
Hüquqi sistemini formalaşdırır – qanunvericilik, icra və məhkəmə hakimiyyətləri öz funksiyalarını sərbəst yerinə yetirir;
Milli ideologiyasını qurur – təhsil, mədəniyyət və informasiya siyasəti milli kimlik və dəyərlər üzərində qurulur;
Beynəlxalq münasibətlərdə bərabər tərəf kimi çıxış edir – beynəlxalq təşkilatlarla əməkdaşlıqda öz maraqlarını müdafiə edə bilir.
Məhz bu xüsusiyyətlər Azərbaycan dövlətini həm regionda, həm də dünyada müstəqil və güclü aktora çevirir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji idarəetmə modeli nəticəsində Azərbaycan yalnız suverenliyini bərpa etməklə kifayətlənməmiş, onu möhkəmləndirmiş və institusional dayanıqlılıqla təmin etmişdir.
Silahlı Qüvvələr müasirləşdirilmiş, peşəkar ordu qurulmuşdur;
İqtisadi müstəqillik güclənmiş, enerji layihələri ilə ölkə qlobal enerji təhlükəsizliyinin əsas iştirakçısına çevrilmişdir;
Mədəni suverenlik qorunmuş, milli irs və dəyərlər informasiya məkanında uğurla təqdim olunmuşdur;
Hüquqi baza müasirləşdirilərək demokratik prinsiplərlə və milli maraqlarla uzlaşdırılmışdır.
2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması bu sahədə atılan islahatların və siyasi iradənin davamı kimi qiymətləndirilə bilər. Bu qərar:
Hüquqi dövlət prinsiplərinin dərinləşməsini;
Vətəndaş məsuliyyətinin artırılmasını;
Suverenliyin yalnız hüquq sənədlərində deyil, cəmiyyətin həyat tərzində yaşadılmasını təmin etməyə yönəlmişdir.
Azərbaycan gələcəyə tam suveren bir dövlət olaraq gedir. Qarabağın yenidən qurulması, milli iqtisadiyyatın gücləndirilməsi, beynəlxalq platformalarda nüfuzun artması bu yolun əsas hədəflərindəndir.
Dövlət Suverenliyi Günü – Azərbaycan xalqının dövlətçiliyə sadiqliyinin, tarix qarşısında cavabdehliyinin və gələcək nəsillər qarşısında öhdəliyinin rəmzidir. Bu gün biz yalnız keçmişə deyil, gələcəyə də baxır, suverenliyimizi daha güclü şəkildə qorumaq üçün həmrəylik nümayiş etdiririk.
Azərbaycan – suveren, güclü və əbədi dövlətdir!
Suverenliyimiz – milli qürurumuz, gələcəyimizə inamımızdır.

Samirə Həsənova
YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT-nin sədri
Laçın rayon 32 nömrəli tam orta məktəbin direktoru



Seçilən
9
aia.az

1Mənbələr