AZ

Zəngəzur dəhlizi üçün geri sayım başladı

“Zəngəzur dəhlizi qısa zamanda mütləq açılacaq. Artıq bununla bağlı qərar da verilib”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cümhuriyət”-ə açıqlamasında deyib. O xatırladıb ki, 8 avqustda Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilən görüşdə tərəflər arasında Bəyanat imzalandı:

“Orada da Zəngəzur dəhlizinin hansı formada açılacağı birmənalı şəkildə göstərilib. Onun Zəngəzur dəhlizi, “Tramp yolu” və ya “Sünik yolu” adlanmasının əhəmiyyəti yoxdur. Nə adlanmasından asılı olmayaraq, mahiyyət etibarilə Zəngəzur dəhlizidir. Daha dərinə getsək isə bu, həm də “Turan yolu”dur. Bu yolun açılmasına isə hamı razılaşıb. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan belə “Turan birliyi”nə qarşı çıxmadığını deyib. Əksinə, Ermənistanın da bundan yararlana biləcəyini söyləyib. Paşinyan bu şəkildə erməni cəmiyyətini başa salmağa çalışır”. 

Partiya sədri qeyd edib ki, hazırda Zəngəzur dəhlizinin açılması ilə bağlı texniki işlər gedir:

“Azərbaycan tərəfi bu işləri çoxdan aparır. Prezident İlham Əliyev də Zəngəzur dəhlizinin Azərbaycanın payına düşən hissəsində tikinti işlərinin tam yekunlaşacağını diqqətə çatdırıb. Artıq Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun tikintisinin 95 faizi yekunlaşıb. Sadəcə 5 faizlik kiçik bir hissə qalıb. Türkiyədə də bu istiqamətdə tikinti işlər gedir. Orada da tikinti işlərinin yaxın 4 ildə başa çatması gözlənilir”. 

Siyasətçi onu da diqqətə çatdırıb ki, Ermənistana da Zəngəzur dəhlizinin tikintisi üçün maliyyə ayrılır:

“ABŞ-dən başqa ölkələrin də dəstək olma ehtimalı var. Onlar da artıq bəzi işlərə start veriblər. Onların işi çox ağır olmayacaq. Çünki təxminən 44 kilometrlik bir yoldan söhbət gedir. Düşünürəm ki, az vaxt ərzində onun açılmasını təmin etmək mümkündür. Sadəcə olaraq dilənçi erməni xüsusiyyətlərinə görə kiminsə onlara donorluq etməsini gözləyirlər. Yəqin bu işi görəcək kimlərsə tapılacaq. Həmçinin, ümumi işin xatirinə Azərbaycanın da müəyyən dəstək vermə ehtimalı ola bilər. Təxminən 2028-ci ildə Zəngəzur dəhlizinin tam açılma ehtimalı olduqca böyükdür. Hazırda əsas işlər gedir, bundan sonra sadəcə bəzi xırda məsələlər barədə razılaşmalar əldə olunacaq”.

Akif Nağı hesab edir ki, Zəngəzur dəhlizinin Ermənistan tərəfindən keçən işlərinə 2026-cı ilin ikinci yarısında start veriləcək:

“Yəni konkret olaraq bunun parlament seçkilərindən sonra başlayacağını gözləyirəm. Hər kəs işini bitirəndən sonra işlər başlaya bilər. Çin də Orta dəhliz layihəsinə görə Zəngəzur dəhlizinin açılmasına maraq göstərir. Zəngəzur dəhlizi açılandan sonra Orta dəhliz də daha effektiv işləyəcək. Ən azından 15-20 faiz bu yolun gəliri artacaq. Bu səbəbdən Çin də bu məsələdə maraqlıdır. Hətta Zəngəzur dəhlizi ilə bağlı işlərin 2028-ci ildən daha erkən başa çata bilər”. 

Partiya sədrinin sözlərinə görə, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək quru yolunun isə gələn il açılması mümkündür:

“Zəngəzur dəhlizinin tam formada açılması 2028-ci il üçün nəzərdə tutulur. Lakin Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək quru yolunun açılması daha erkən baş verə bilər. Çünki Zəngəzur dəhlizinin həmin hissəsindəki iş uzun zaman aparmayacaq. Əslində, orada texniki cəhətdən böyük bir iş yoxdur. Ermənistanın da istəyi olmalıdır. Bu, İrəvan hakimiyyəti tərəfindən xoş bir niyyət olardı. Müxtəlif bəhanələrlə uzatmağa ehtiyac yoxdur.

Lakin bu belə 2026-cı ilin ikinci yarısında mümkün ola bilər. Çünki ilin birinci yarısında Ermənistanda seçkilər keçiriləcək. Paşinyan seçkilərə qədər erməni cəmiyyəti qıcıqlandıra biləcək hərəkətlər etməməyə çalışacaq. O, hər hansısa hadisənin əleyhinə işləməsindən çəkinəcək. Ermənistanda Rusiya və digər qüvvələr tərəfindən idarə olunan revanşistlər Paşinyan hakimiyyətinə qarşı istifadə edə bilərlər. Buna görə də, böyük ehtimalla 2026-cı ilin sonuna doğru Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı quru əlaqəni təmin edəcək yol açıla bilər”. 

Xatırladaq ki, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd yolunun (Zəngəzur dəhlizi) tikintisi 95% icra olunub.

Uzunluğu 123,6 km olan əsas yolun tikintisi hazırda 95% səviyyəsində tamamlanıb.

Məlumata görə, Zəngəzur dəhlizi layihəsi müasir standartlara və yüksək keyfiyyət tələblərinə uyğun şəkildə inşa olunur. Layihənin ümumi uzunluğu 149,9 km təşkil edir ki, bunun 123,6 km-i əsas yoldur. Yolun texniki dərəcəsi 1B-dir, bu da yüksək sürətli və təhlükəsiz hərəkətə imkan yaradır.

• Yolun eni: 14–21 metr

• Torpaq yatağının eni: 21,5–29,5 metr

• Hərəkət zolaqlarının sayı: 4–6

Qeyd edək ki, bu göstəricilər nəqliyyatın rahat və fasiləsiz axını üçün əlverişli şərait yaradır.

Seçilən
48
1
cebheinfo.az

2Mənbələr