AZ

Bakıda yollar ödənişli olacaq? - Ekspert izah etdi

Prezident İlham Əliyev avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, dövlət büdcəsinin tərkibində "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.
Fərmana əsasən nəqliyyat sahəsində yeni qaydalar tətbiq ediləcək. Yaxın vaxtlarda ölkədə məsafə əsaslı avtomobil nəqliyyatı xidməti işə düşəcək, Bakıda isə ödənişli hərəkət zonalarının yaradılması planlaşdırılır. Bu dəyişikliklər həm yol hərəkətinin idarə olunmasına, həm də paytaxtda sıxlığın azaldılmasına xidmət edəcək. 

Day.Az xəbər verir ki, Nəqliyyat problemləri üzrə ekspert Eldəniz Cəfərov AZXEBER.COM-a bildirib ki, Bakı şəhərində hərəkət edən nəqliyyat vasitələrinin sıxlığı həm ekoloji, həm də iqtisadi problemlərə səbəb olur:

"Atmosferə buraxılan zərərli qazların, o cümlədən CO₂ emissiyalarının həcmi artır. Sıxlıqda qəzaların sayının çoxalması həm vətəndaşlara, həm də dövlətə maddi və mənəvi zərərlər vurur. Səs-küy isə insanlarda əlavə stress yaradır. Məhz bu səbəblər nəzərə alınaraq yeni belə qərar qəbul edilib. 

Ekspert deyib ki, bu təcrübə artıq dünya ölkələrində mövcuddur:

"Bu təcrübə artıq Avropa və Asiyanın müxtəlif ölkələrində mövcuddur. Əsas məqsəd isə mərkəzi küçələrə avtomobil axınının qarşısını almaq və tıxacları azaltmaqdır".

Ekspert qeyd edib ki, burada bir neçə variantdan istifadə oluna bilər:

"Ola bilər ki, bütün nəqliyyat vasitələri həmin zonalara daxil olduqda ödəniş etməli olsun. Ehtimal var ki, ekoloji cəhətdən təmiz nəqliyyat vasitələri üçün giriş pulsuz olacaq. Söhbət əsasən elektromobillərdən gedir. Həmçinin, yaşı 20-dən çox olan avtomobillərin girişinə görə müəyyən ödəniş tətbiq edilə bilər. Yəni, bu istiqamətdə müxtəlif versiyalar hazırlanacaq.

Düşünürəm ki, təkliflər də olacaq və onların əsasında son qərar formalaşacaq. Bundan başqa, ödənişin məbləği və üsulları da fərqli ola bilər. Məsələn, ödəniş mobil tətbiq vasitəsilə, terminallar və ya digər ödəmə kanalları vasitəsilə baş tuta bilər".

E.Cəfərov vurğulayıb ki, ictimai nəqliyyatda yeni "Brutto müqaviləsi"nin tətbiqi də gözlənilən idi:
"Çünki bununla bağlı əvvəlcədən müəyyən təkliflər var idi. Buradakı əsas məqsəd odur ki, ictimai nəqliyyatdan istifadə edən vətəndaşlarımız yollarda qalmasın, vaxtında ünvana çatsınlar. Bunun üçün özəl daşıyıcılara müəyyən subsidiyaların verilməsi nəzərdə tutulur. Bu subsidiyalar isə ödənişli zonalara daxil olan sürücülərdən alınan rüsumlar və digər ödənişlər hesabına formalaşacaq İctimai Nəqliyyat Fondu vasitəsilə ödəniləcək. Artıq özəl daşıyıcılar dövlət tərəfindən birbaşa subsidiya aldıqdan sonra, keyfiyyətli və təhlükəsiz xidmət göstərməyə borclu olacaqlar. Bu halda nə marşrut, nə də saat məsələsi problem olmayacaq".

Seçilən
20
2
day.az

3Mənbələr