AZ

Mamoy Mansurov: 2 ildir ki, suverenliyimiz tam olaraq bərpa olunub » AzadMedia.az


Mamoy Mansurov,
Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı


20 sentyabr təkcə bir tarix deyil, həm də Vətən torpağında dövlət suverenliyimizin tam bərpa olunduğu gün kimi tarixə yazıldı. 2023-cü ilin 20 sentyabrı Azərbaycanın dövlətçilik salnaməsində qızıl hərflərlə qeyd olunacaq. Bu gün, 30 ildən artıq işğalda qalan Qarabağ bölgəsinin qalan hissəsinin də nəzarətə götürüldüyü, ölkəmizin suverenliyinin bütün ərazilər üzərində bərpa olunduğu gündür.
2023-cü ilin sentyabrın 19-da Azərbaycan Ordusu Qarabağda qeyri-qanuni erməni silahlı birləşmələrinə qarşı lokal antiterror tədbirlərinə başladı. Bu addım həm ölkənin konstitusion quruluşunun, həm də ərazi bütövlüyünün təmin olunması üçün atıldı. Cəmi 23 saat ərzində Azərbaycan Ordusu öz peşəkarlığını və gücünü nümayiş etdirərək separatçı qüvvələri təslim olmağa məcbur etdi.
Bu qətiyyətli və peşəkar əməliyyat nəticəsində 2023-cü il 20 sentyabr tarixində qanunsuz erməni silahlı birləşmələri ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycanın Qarabağ üzərində tam suverenliyi bərpa olundu.
30 ilə yaxın müddət ərzində Azərbaycanın bir hissəsi – Qarabağ bölgəsi işğal altında qalmışdı. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan böyük bir hissəsini azad etsə də, Qarabağda hələ də separatçılar qalmışdı. 2023-cü ilin 20 sentyabrında baş verənlər isə bu prosesin nöqtəsi, tarixi ədalətin tam bərpası oldu.

2023-cü ilin 20 sentyabrı həm də göstərdi ki, Azərbaycan dövləti öz suveren hüquqlarını yalnız bəyanatlarda deyil, real əməliyyatlarla qorumağa qadirdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu uğurlu əməliyyat Azərbaycan xalqının birliyi, dövlətin qətiyyəti, ordunun peşəkarlığı və xalqın milli ruhu ilə reallaşdı.
Bu hadisə Azərbaycanın beynəlxalq hüquq normaları çərçivəsində, daxili suveren hüququ əsasında həyata keçirdiyi haqlı və zəruri bir addım idi. Dövlətimizin bu addımı həm beynəlxalq hüquqa, həm də ölkə Konstitusiyasına əsaslanırdı.
20 sentyabr 2023-cü il – artıq Qarabağda heç bir qanunsuz silahlı birləşmə yoxdur. Dövlətimizin suverenliyi Şərqi Zəngəzurdan tutmuş Xankəndiyə qədər hər qarış torpaqda tam təmin olunub. İndi isə qarşıda duran əsas vəzifə – bölgədə sülhün, sabitliyin və inkişafın bərqərar olunmasıdır.
Azərbaycan dövləti Qarabağı yenidən qurur – həm infrastruktur baxımından, həm də sosial-iqtisadi baxımdan.

2023-cü ilin 20 sentyabrı – Azərbaycanın suverenliyinin tam bərpa olunduğu gün, xalqımızın qürur günü, dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu tarix bizi bir daha əmin etdi ki, azərbaycanlı olmaq – qürurdur, bu torpaq bizimdir, bu dövlət bizimdir və bu gələcək bizimdir!
Seçilən
9
1
azadmedia.az

2Mənbələr