Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin müsahibə mərhələsi davam edir.
AzEdu.az Təhsil Portalı sertifikatlaşdırmanın müsahibə mərhələsində iştirak edən müəllimlərin təəssüratlarını öyrənib.
Müsahibədə iştirak edənlərdən biri də biologiya müəllimi Samirə Məsimovadır.
11 ildir pedaqoji fəaliyyətlə məşğul olan müəllim sertifikasiya prosesini təqdirəlayiq addım hesab edir:
"Gəncə Dövlət Universitetinin Biologiya fakültəsini bitirmişəm. Şəmkir rayon Kimya-Biologiya təmayüllü liseydə işləyirəm. Şagirdlərim bir çox uğura imza atıb. Onlardan biri ötən il Respublika Fənn Olimpiadasında qızıl medala layiq görülüb. Bir digəri isə bu il RFO-da bürünc medalla təltif olunub. Respublika fənn müsabiqələrindən də biologiya fənnindən gümüş, bürünc medalla təltif olunan şagirdlərim var.
Müsahibə mərhələsində hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Müsahibə uzun çəkmədi, təxminən 5-6 dəqiqə davam etdi. Əvvəlcə özümü təqdim etdim, sonra bir neçə sual verdilər. Psixoloji sual yadımda qalıb: “Əgər valideyn övladının təhsilinə laqeyd yanaşarsa, necə davranardınız?” Bundan əlavə icmal və uşaqlarla əməkdaşlıqla bağlı da suallar oldu.
Mən ümumilikdə sertifikasiya prosesini çox təqdirəlayiq hesab edirəm. Çünki bu, müəllimləri daim öz üzərində işləməyə sövq edir. Təəssüf ki, bəziləri düşünür ki, illər əvvəl universiteti bitirib, artıq imtahana ehtiyac yoxdur. Halbuki elm yenilənir, müəllim də mütləq ayaqlaşmalıdır. Müəllimlər imtahana hazırlaşarkən biliklərini daha da artırırlar. Bu, təhsilin keyfiyyəti üçün vacibdir.
Test mərhələsində 60 bal toplamışam. İndi də müsahibədən yüksək nəticə gözləyirəm".