AZ

Azərbaycan ilə Ruandanın əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyur - TƏHLİL

Bakı, 20 sentyabr, AZƏRTAC

Müxtəlif qitələrdə yerləşmələrinə baxmayaraq, fərqli tarixi və mədəniyyəti olan Azərbaycan ilə Ruanda arasında son illərdə ikitərəfli münasibətlər intensivləşir. Bu, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə qarşılıqlı marağın olduğunu təsdiqləyir. Qarşılıqlı əlaqələr yalnız Qoşulmama Hərəkatı kimi çoxtərəfli platformalarda deyil, həmçinin ikitərəfli görüşlər və layihələr çərçivəsində genişlənir.

AZƏRTAC Azərbaycan ilə Ruanda arasında münasibətlərin dinamikasına qısa nəzər salır.

Azərbaycan və Ruanda arasında əlaqələrin inkişaf dinamikası

Azərbaycan və Ruanda arasında diplomatik əlaqələr 2004-cü il mayın 28-də qurulub. Bu addım iki ölkə arasında münasibətlərin əsasını qoyub. Qeyd etmək lazımdır ki, uzun müddət ikitərəfli deyil, əsasən çoxtərəfli platformalarda inkişaf etdirilən əlaqələr son dönəmdə aktiv fazaya qədəm qoyub. Bakı ilə Kiqali arasında Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı dialoq üçün əsas platformalardır. Məhz bu təşkilatlar çərçivəsində Ruanda daim Azərbaycana dəstəyini ifadə edib. Bunun əyani sübutu Ruandanın Azərbaycanın Qoşulmama Hərəkatına Sədrliyinin uzadılmasının lehinə səs verməsi olub. Bundan əlavə, Ruanda COVID-19 pandemiyası dövründə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyib. Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin görüşü iki ölkə arasında münasibətlərin artan əhəmiyyətini bir daha vurğulayıb. Görüşdə iqtisadi-ticari əlaqələrin genişləndirilməsi və investisiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. “Commonwealth” təşkilatı çərçivəsində əməkdaşlıq, birgə İşçi Qrupunun yaradılması tərəflərin əlaqələrinin inkişafı istiqamətində məqsədyönlü addımlarını təsdiqləyir.

Azərbaycan ilə Ruanda arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində də inkişaf edir. 2023-cü ildə BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu” və “Azərbaycan Respublikası Hökuməti və Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb.

Son illər ərzində Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlər ənənəvi siyasi dialoq çərçivəsindən kənara çıxaraq irəliləyib. 1992-2012-ci illərdə Afrika dövlətlərinin əksəriyyəti ilə diplomatik münasibətlərin qurulması ilə başlayan bu proses Bakının fəal xarici siyasəti sayəsində inkişaf edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə münasibətlərin daha da dərinləşməsinə imkan yaradıb. 2019-cu ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı Misir, Əlcəzair, Konqo və Somali kimi Afrika dövlətlərinin rəhbərləri ilə yüksəksəviyyəli görüşlər üçün mühüm platforma rolunu oynayıb. Konqo Prezidentinin 2024-cü ildə ikitərəfli razılaşmaların imzalandığı səfər, həmçinin Somali və Qvineya-Bisau prezidentlərinin oxşar səfərləri də müdafiə, təhsil və digər sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verib.

Azərbaycan və Afrika ölkələri arasında iqtisadi tərəfdaşlıq üçün də geniş imkanlar mövcuddur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Konqo, Keniya, Əlcəzair və Nigeriya ilə bu sahədə danışıqlar aparır. Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı” imzalanıb ki, bu da Azərbaycanın enerji sektorundakı mühüm rolunu vurğulayır. Həmçinin dağ-mədən sahəsində Konqo, Sierra Leone və Mali kimi ölkələrlə danışıqlar aparılır. Ölkəmiz müdafiə sənayesi məhsullarının ixracında da maraqlı olduğunu “Azərbaycan Respublikası Hökuməti ilə Somali Federativ Respublikası Hökuməti arasında müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq haqqında Saziş”in imzalanması da təsdiqləyir.

Dövlətimizin Afrika qitəsi ölkələri üzrə siyasəti diplomatiya, iqtisadi əməkdaşlıq və humanitar təşəbbüsləri özündə birləşdirən kompleks xarakter daşıyır. Əməkdaşlığın əsas vektoru, xüsusilə COP29 konfransının Bakıda keçirilməsi kontekstində iqlim gündəliyi olub. Azərbaycan hər zaman iqlim dəyişikliyinin təsirlərinə daha çox məruz qalan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin və Afrika ölkələrinin problemlərinə xüsusi diqqət yetirir. Bakıda tarixi qərar qəbul olunaraq, COP29-da inkişaf etməkdə olan ölkələrin, o cümlədən kiçik ada, ən az inkişaf etmiş və Afrika dövlətlərinin səbirsizliklə gözlədiyi İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması təmin edildi.

Azərbaycan təcrübəsinin öyrənilməsi

Azərbaycan ilə Ruanda arasında münasibətlər son zamanlar əsasən çoxtərəfli dialoqdan aktiv ikitərəfli əməkdaşlığa qədəm qoyub. Hər iki ölkə təcrübə mübadiləsinə və əsas sahələrdə tərəfdaşlıq qurmağa qarşılıqlı maraq göstərir. Ruandanın ölkəmizin “ASAN Xidmət” modelinə marağı Prezident İlham Əliyev və Prezident Pol Kaqame arasında COP29 zamanı keçirilmiş görüşdə rəsmi şəkildə ifadə olunub. Nəticədə bu istiqamətdə konkret addımlar atılıb. Bu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Ruandaya səfəri zamanı "ASAN Xidmət" modelinin tətbiqi və Ruandada oxşar mərkəzin yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Kiçik və orta sahibkarlıq sahəsində də qarşılıqlı əlaqələr intensivləşib. Belə ki, Ruandadan gələn nümayəndə heyəti Azərbaycanda səfərdə olarkən “Bakı KOB evi”nin fəaliyyəti ilə tanış olub. “KOB evi”nin təcrübəsi nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilib və bu da qeyd olunan sahədə təcrübə mübadiləsi üçün geniş imkanlar açıb.

Həmçinin ölkələr arasında münasibətlər iqtisadi müstəvidə də genişlənir. İki ölkə arasında qarşılıqlı ticarət, dağ-mədən sənayesi və turizm sahələrində tərəfdaşlıq imkanlarının inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Azərbaycan geostrateji mövqeyi sayəsində Ruandaya ixrac imkanlarını şaxələndirməyə və yeni bazarlara çıxmasına yardım edə bilər.

Tərəflər strateji sahələrdə də əməkdaşlıq edir. ADEX-2022 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan ilə Ruanda arasında hərbi-texniki əməkdaşlıq haqqında razılaşma əldə olunub. Bu, ölkələr arasında münasibətlərin daha geniş xarakter aldığını göstərir.

Nümayəndə heyətlərinin qarşılıqlı səfərləri və sənədlərin imzalanması iki ölkə arasında münasibətləri formal əlaqələrdən faydalı və praktiki tərəfdaşlığa keçməklə yeni səviyyəyə qaldırıb.

Ruanda tarixinin qanlı səhifəsi

1994-cü ildə 800 mindən çox insanın həyatına son qoyan Ruanda soyqırımı Afrika tarixinin ən faciəli səhifələrindən biridir. Fransa soyqırımı törədən rejimə siyasi və hərbi dəstək verməkdə və liderlərin qaçmasına kömək göstərməkdə günahlandırılır. Bu soyqırımı uzun müddət Fransa tərəfindən tanınmamış qalıb və iki ölkə arasında gərginliyi artırıb. Fransanın təzyiqlərinə baxmayaraq, yerli xalq beynəlxalq platformalarda haqq səslərini bütün dünyaya çatdırmağa çalışır. Xocalı faciəsini yaşamış xalqımız, Ruanda xalqının çəkdiyi ağrı və əzabları çox yaxşı anlayır.

Humanitar diplomatiya

Ölkələrimiz arasında əməkdaşlıq ənənəvi siyasət və iqtisadiyyatdan kənara da çıxır. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən humanitar diplomatiya əlaqələrin inkişafına və tərəfdaşlığa möhkəm zəmin yaratmaq üçün əsas vasitəyə çevrilib. Bunun əyani sübutu 2024-cü ildə Rvamaqana şəhərindəki məktəbdə içməli su probleminin həll olunmasıdır. Məktəb binasının yerləşdiyi ərazidə Fondun dəstəyi ilə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. İnfrastruktur layihələri ilə yanaşı, mədəni və təhsil mübadiləsinə də xüsusi diqqət yetirilir. Təhsil və mədəniyyət sahələrində mübadilə proqramları Azərbaycan ilə Ruanda arasındakı münasibətlərdə xüsusi rol oynayır.

Beləliklə, Azərbaycan ilə Ruanda arasında münasibətlər formal diplomatik təmaslardan çoxşahəli və qarşılıqlı faydalı tərəfdaşlığa çevrilərək keyfiyyətcə yeni səviyyəyə qalxıb. Bu əməkdaşlıq hər iki ölkənin xarici əlaqələrinin şaxələndirilməsində strateji marağı əks etdirir.

Seçilən
3
1
azertag.az

2Mənbələr