Azərbaycan tarixinin ən əlamətdar biri olan 20 Sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü artıq ikinci ildir ki, ölkəmizdə təntənəli şəkildə qeyd olunur. Bu günün təsis olunması sadəcə rəsmi bir tarixdən daha çox, azadlıq, vətən uğrunda mübarizənin, milli həmrəyliyin və qəhrəmanlığın əbədiləşdirilməsidir.
Day.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova bildirib.
S.Mikayılova qeyd edib ki, 2024-cü il sentyabrın 18-də Prezident İlham Əliyevin imzaladığı Sərəncamla təsis edilən bu gün, 30 ilə yaxın davam edən işğal və çətin mübarizələrin sonunda ölkəmizin ərazi bütövlüyünün bərpasının, Azərbaycanın tarixi torpaqlarının düşmən işğalından azad edilməsinin və həmin şəhərlərdə Azərbaycan Dövlət Bayrağının qürurla dalğalanmasının simvoludur.
"Bu tarixi hadisə həm də Azərbaycan xalqının qanı və canı bahasına əldə etdiyi böyük zəfərin ən parlaq nümayişidir.
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri 30 il ərzində Ermənistanın və qondarma Dağlıq Qarabağ rejiminin silahlı qüvvələrinin işğalı altında olmuş, bu ərazilərdə yaşayan minlərlə azərbaycanlı vətənpərvər ağır sınaqlardan keçmişdir. Xocalı soyqırımı kimi faciəvi hadisələr vətəndaşlarımızın yaddaşına dərin həkk olunub. Lakin Azərbaycan xalqı uzunmüddətli mübarizənin sonunda Vətən müharibəsində qətiyyətli addımlarla öz torpaqlarını geri qaytararaq dünyaya böyük mesaj verdi: haqq-ədalət qalib gələcək."
S.Mikayılova əlavə edib ki, 2023-cü il oktyabrın 15-də Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması ilə bu torpaqların əsil sahibi olduğunu nümayiş etdirdi.
"Azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işləri də Azərbaycanın gələcəyə olan inamını göstərir. Qarabağ Universitetinin yaradılması, Ağdərə rayonunun təşkili və yeni infrastruktur layihələri regionun iqtisadi və mədəni həyatını yenidən canlandırır. Bu, təkcə şəhərlərin deyil, həm də bu torpaqlarda yaşayan insanların həyatlarının yenidən qurulması deməkdir."
Deputat bildirib ki, Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən layihələr, məktəblərin, xəstəxanaların, idman və mədəniyyət obyektlərinin açılışları regionun inkişafını sürətləndirir, gənclərin və gələcək nəsillərin vətənpərvərlik ruhunda yetişməsinə zəmin yaradır.
"20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günü eyni zamanda milli birlik günüdür. Bu gün biz yalnız tariximizi deyil, həm də gələcəyimizi anırıq. Azərbaycan xalqı bir daha sübut edir ki, vətən sevgisi, milli birlik və həmrəylik hər bir çətinliyin öhdəsindən gəlməyin açarıdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunan bölgələrə etdiyi səfərlər, burada keçirilən tədbirlər, infrastrukturun bərpası və yeni sosial obyektlərin istifadəyə verilməsi Azərbaycan dövlətinin gücünü və xalqın iradəsini nümayiş etdirir."
S.Mikayılova vurğulayıb ki, 20 Sentyabr - Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycanın tarixində qalibiyyətin, milli qürurun və gələcəyə inamın simvoludur.
"Bu gün həm də hər bir Azərbaycan vətəndaşının haqq və ədalət uğrunda mübarizənin, milli həmrəyliyin və vətən sevgisinin ən yüksək zirvəsidir. Tariximizi unutmamalı, bu əziz torpaqlarda yaşanan qəhrəmanlıqları gələcək nəsillərə yaşatmalı, Azərbaycanın ərazi bütövlüyünü və müstəqilliyini daim qorumaq üçün birlikdə çalışmalıyıq. Çünki Azərbaycanın gələcəyi bu günkü zəfərlərin və uğurların davamıdır."