AZ

Gecikmənin səbəbi nədir?

futbolpress-az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Santuşla yollar ayrılandan sonra milli komandanın “sükanı” müvəqqəti Ayxan Abbasova həvalə olunub. Ukrayna ilə oyunda qazanılan yaxşı nəticə (1:1) Abbasovun bu posta rəsmi təyinatını labüdləşdirib.

Ümumiyyətlə, yeni meyar, “daha əcnəbi məşqçi olmasın” şəklində olsa da, niyəsə yerli məşqçi təyinatı da müşkülə çevrilməkdədir.

Daha doğrusu, bu istiqamətdə kuluarlarda aparılan ajitasiyanı təhlil etdikdə bu qənaətə gəlmək olur.

Qurban Qurbanovun faktiki durumda milliyə gəlməsi çətindir, ondan sonra daha real namizəd olan Rəşad Sadıqovun da “keçid dövrü” üçün “sükançı” olmağa razılıq verməyi inandırıcı deyil.

Ümid qalır, faktiki missiyanı öhdəsinə götürmüş və inisiativi uğurlu şəkildə ələ almağı bacarmış Ayxan Abbasova, lakin onunla da danışıqların rahat keçmədiyi haqda məlumatlar var.

Niyə?

Məlumata görə, AFFA rəhbərliyi Abbasovdan yanadır, lakin danışıqların müsbət nəticələnməməsi anlaşılmaz qalır.

Bütün hallarda Ayxan bəyin hansısa əcnəbi mütəxəssisdən ağır şərtlər irəli sürməyəcəyi dəqiqdir. AFFA üçün çətinlik nədədir?

Qarşıda Fransa və Ukrayna ilə ağır səfər oyunları var. Bu situasiyada heç bir ambisiyalı əcnəbi millini müvəqqəti belə olsa, çalışdırmaz. Heç yerli mütəxəssislərdən də buna razılaşan olmayacaq. Təbii ki, kimsə rasionallığını itirməyibsə…

Deməli, vəziyyəti təhlil etdikdə görürük ki, ən optimal variant Abbasovla davam etməkdir.

İndi yenidən “bəs təyinatın rəsmiləşməsi niyə gecikir?” sualı aktuallaşır.

Bu məqamda belə qənaətə gəlmək olar ki, ya Ayxan Abbasov “keçid dövrü”nün “qurbanı olmaq” istəmir, qarantiyalı müqavilə istəyir, ya da AFFA-da yenidən “əcnəbi sevdası” cücərməyə başlayıb.

Əvvəla qeyd edək ki, Abbasov “keçid dövrü”nün qurbanı olmaq istəməyib qarantiyalı müqavilə istəyibsə, peşəkarlıq baxımından haqlıdır. Özünə hörmət edən, iddiası olan mütəxəssis elə belə də yanaşmalıdır.

Məlumatlara görə, o, yalnız növbəti Millətlər Liqası tsiklini istəyir. Əgər belədirsə, onda AFFA bundan yaxşı şərt gözləyə bilməzdi kimdənsə. Zamanı itirmək anlaşılmazdır.

Məlumdur ki, Fatih Terim, Abdulla Avcı və s. türkiyəli məşqçilərin adı hallanır. Vaxtilə millini çalışdırmış Robert Prosineçki başda olmaqla başqa əcnəbilərin də təbliğatı gedir.

AFFA isteblişmentindəki “alternativlər” yenə “iş başındadır” (?).

Yeni AFFA rəhbərliyində mütərəqqi olduğunu iddia edənlər anlamalıdır ki, ilk dəfə əcnəbi məşqçinin gətirilməməsi üçün bu qədər ciddi arqument var.

İndi də bu hiyləni quranlara qarşı çıxılmayacaqsa, sonra ictimai qınaqdan yaxa qurtarmaq müşkül olacaq.

Tarixi şəraiti doğru dəyərləndirmək lazımdır. Yerli məşqçi təyinatı gecikməməlidir. Gecikdikcə “alternativlər” üçün münbit şərait yaratmış olacaqsınız.

Kamil Əhməd

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
futbolpress.az

1Mənbələr