AZ

Uşaq ədəbiyyatı nümayəndəsi, Gülzar İbrahimova şeirin uşaqların maarifləndirilməsində rolu haqda

Müasir ədəbiyyatı poeziyasız təsəvvür etmək mümkün deyil. Poeziya insanın zəngin mənəviyyatıdır. Həyata gözəllik qatan ən gözəl rəngidir. Poeziya şeirdir, qəzəldir, mahnıdır, muğamdır. Vətəni, igid əsgərlərimizi, anamızı, körpəmizi əzizləmə vasitəsidir.

Şeri, poeziyanı həyatımızdan çıxarmaq mümkün deyil. Amma təəssüf ki, artıq neçə illərdir ki, şeirə münasibət dəyişib. Uşaqlarımız şeirdən uzaqlaşdırılıb. Dərsliklərdə şeirlərə verilən vaxt azaldılır, şeir əzbərləmə proqramlardan çıxarılır. Bəzi müasir “ziyalılar” şeirə köhnəliyin qalığı kimi baxır.

Şeirdən uzaqlaşmaq dahilərimizin də əsərlərindən uzaqlaşmaq deməkdir.

Təbii ki, şeirə yad münasibət müasir yazıçı və şairlərə də xoş gəlmir.

  1. yazıçı və şairlərdən biri də uşaq yazıçısı, şairi Gülzar İbrahimovadır.

Gülzar xanım Azərbaycan Yazıçılar Birliyinin Prezident təqaüdçüsü, H.Zərdabi mükafatçısıdır. Uşaqların dilini, psixologiyasını mükəmməl bilən, uşaq ədəbiyyatının görkəmli nümayəndəsidir.

Gülzar İbrahimova əsasən uşaqlar üçün nağıllar, hekayələr, şeirlər yazır. Onun 20-dən çox şeir-nağılı da var, 50-dən çox şerinə mahnı bəstələnib. Bu mahnılardan 15-i milyonlarla və bəziləri də yüz minlərlə baxış toplayıb.

Təkcə “Sehrli Dünya”nın Youtube kanalında “Baxçamız”, “Sağ ol, Ey Vətən”, “Ana dilim”, “Nə olar, yağsana, Qar”, “Kloun”, “Qiymətlərim beş”, “Gözəl Bakım” mahnılarına baxış sayı milyonlarladır. Linkləri təqdim edirik:

https://www.youtube.com/watch?v=U648UzumvzM&list=RDU648UzumvzM&start_radio=1

https://www.youtube.com/watch?v=kEp76PmUP84&list=RDkEp76PmUP84&start_radio=1

Bu mahnılar ilk növbədə Gülzar İbrahimovanın yazdığı şeirlərin uğurlu alınmasından yaranıb. “Ana dilim” mahnısının sözlərindən iki bəndini nəzərinizə çatdıraq:

 

“Dilim Nizami dili,

Fizuli qəzəlidir,

Dilim dədə Qorqudun ,

Müdriklik zirvəsidir.

 

Gözəl dilim bir dastan,

Kitabəsi Gülüstan,

Var min illik tarixin,

Yaşa, Ey Azırbaycan!”.

 

Mahnını çox məktəblərdə şagirdlər sevə-sevə ifa edirlər. Belə olan surətdə uşaqlar niyə şeir dünyasından uzaqlaşmalıdırlar...

Gülzar xanımın müasir uşaqların şeirə münasbəti haqda fikirləri ilə biz tanış olduq, onları Sizə də təqdim edirik:

Güzlar İbrahimova uşaqların şeirdən uzaqlaşdırılması haqqında ürək yanğısı ilə danışır və gənc valideynlərə, pedaqoqlara tövsiyə edir:

“Şerə, poeziyaya yad münasibət mütaliəsizlik ucundan baş verir, həm də düşünürəm belə bir yanaşma ədəbiyyatımıza biganəlikdir. Düzdür, şeirdən bizi uzaqlaşdırmaq istəyənlər var, amma onlar istəklərinə nail ola bilməyəcəklər. Bir milli dəyərin tarixi min illərdirsə, deməli, o yaşayacaq.

Uşaqların şeir vasitəsilə maarifləndirilməsinə gəldikdə onu deyə bilərəm ki, uşaqlar şeiri sevir, şeir vasitəsilə onlar daha tez qavrayır, daha surətlə maariflənirlər.

Adi bir misal göstərək. Biz uşaqlara çox shey öyrədirik. Eyni zamanda onu da öyrədirik ki, yad adama qapı açmasınlar. Amma fikir verirsən ki, onlar bunu unudur, tez qaçıb qapını açırlar. Amma şeir vasitəsilə onlara təsir edəndə sözün, tərbiyənin effekti başqa cür olur. Yazdığım bir şerlə nümunə göstərim. Şeirin adı belədir: “Evdə tək qalsan”

 

Bir gün evdə tək qalsan,

Tək qalmaqdan darıxsan,

Kitab oxu, şəkil çək,

Vaxtın gözəl keçəcək.

 

Qapı döyülsə birdən,

Əvvəl soruş, sən kimsən?

Sonra da stula qalx,

Gözlükdən gələnə bax.

 

Qonaq desə ki, “Mənəm,

Dayınam, ya əminəm,

Sevindiyindən uçma,

Qaçıb qapını açma.

 

Nə danışsa, nə desə,

Qapı açma, heç kəsə.

De, - Get, gələrsən axşam,

Gələndə atam, anam.

 

Desə, gəlmişəm qonaq,

Gətirmişəm bal, qaymaq”.

De: “Bilmirsən, ay qonaq,

Qapını açmaz uşaq?”.

 

Nə danışsa, nə desə,

Qapı açma, heç kəsə.

De, - Get, gələrsən axşam,

Gələndə atam, anam.

 

Belə bir şeirlə uşaq həm düşünür, həm də öyrənir.

Uşaq böyüyənə qədər böyüklərdən o qədər qaydalar öyrənirlər, bu onları yorur. “Bunu eləmək lazımdır, ora getmək lazımdır, bunu mütləq yemək lazımdır”. Bütün bunlar uşaqları istər-istəməz yorur, ona görə də bəzən biz böyüklər uşağı tərbiyə etmək üçün daha maraqlı yollar fikirləşməliyik. Belə yollardan ən effektlisi şeirlə tərbiyə etmək yoludur. Şeirlə öyrətmək üçün daha bir misal göstərək. Şerin adı belədir: “Atam, Anam, Mən və Göy qurşağı”

 

Ata-anamı,

Çox sevirəm mən,

Ata-anamla,

Çox sevinirəm!

 

Gözəldir birgə,

Gəzməyə getmək,

Ata- anayla,

Zaman keçirmək.

 

Biz bir olanda,

Qanad açıram,

Sanki quş kimi,

Göydə uçuram.

 

Çox gözəlləşir,

Onda bu dünya.

Bənzəyir rəngli,

Göy qurşağına.

 

Belə bir şeir ailə dəyərlərini uşağa öyrədir. Ona daha “atanı sevmək lazımdır, ananı sevmək lazımdır” deməkdənsə, bu şeiri oxumaq daha təsirli olar.

Mən tez-tez uşaqlarla görüşlərdə oluram. Onlar necə də sevinə-sevinə, fərəhlə şeir deyirlər. Bir dəfə deməklə “Kim şer demək istəyir”, yüzlərlə əl qalxır yuxarı. Şeir deməyi balalarımız xoşlayırsa, bu sevinci onların əlindən niyə də alaq.

Səhnədən, lövhədən şer demək uşaqları formalaşdrır. Poeziyaya yaxın olan uşaqlar fərqli olur. Bu gün kiçik yaşdan şeir demək bacarığı formalaşan uşaqlar, sabahın böyük tribunalarından fikrini deməyi bacaran gəncləridir.

Şerin uşaqların zehni düşüncəsinin inkişafında, fəallaşmasında, formalaşmasında, fikrini ifadə etmək bacarığına yiyələnməsində böyük rolu var.

Hətta nitq qüsurunu aradan qaldırmağa çalışan mütəxəssislər uşaqlara elə tip şeirlər əzbərlətdirir ki, mütəmadi bu şeirləri əzbər dedikdə dil qüsuru azala bilir. Əsasən yanıltmaclar dil qüsurunun aradan qaldırılmasına kömək edir.

Şer əzbərləmə düşünmək qabliyyətini də sürətləndirir. Mütəmadi şeir əzbərləyən uşaqlar dərsi də rahatlıqla öyrənə bilir. Şeir əzbərləmək yaddaşı möhrəmləndirir. Hər yaşda şeir əzbərləmək mümkündür. Hətta yaddaşı zəifləmiş yaşlı insanlara da həkimlər tez-tez şeir əzbərləməyi tövsiyə edirlər.

Gənc valideynlər uşağa mütəmadi, asan yadda qalan, balaca şeirlər öyrətsə yaxşı olar. Amma bunu nə vaxt istəsələr etməyə çalışmamalıdırlar. Bunun üçün uşağa rahat olan bir vaxt seçilməlidir. Bəzən elə vaxt uşağa şeir öyrətmək təklif olunar ki, uşaqda şeir öyrənməyə nifrət yaranar.

Məsələn, uşaq sevdiyi cizgi filminə baxır. Çox baxır deyə, valideyn bilmir ki, onu cizgi filmindən necə ayırsın, deyir, gəl səninlə şeir əzbərləyək. Uşağı həmin vaxt sevdiyi cizgi filmindən ayırdığına görə, uşağın daha şeirdən xoşu gəlməyə bilər. Uşağı cizgi filmindən ayırandan sonra onun fikri hardasa qalmayıbsa, cigi filmini yaddan çıxarıbsa, rahatdırsa, onda şeir əzbərləməyə başlamaq olar.

Belə vaxt həm uşağın hisslərinə, həm də şerə hörmətlə yanaşmağı bacarmalıyıq.

Necə kli, bizim əcdadlarımız şeri, şeriyyəti, poemalarımızı, qəzəllərimizi yüz illərlə qoruyub bizə əmanət ediblərsə, biz də qoruyub, gələcək nəsillərə çatdırmalıyıq. Çalışmalıyıq ki, tariximizin milli-mənəvi ədəbi sərvətini qoruya-qoruya yeni gözəlliklər də yaratmağı bacaraq.

 

 

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Kiçik dünya uşaqların maarifləndirilməsinə kömək” İctimai Birliyi tərəfindən icra olunan “Füzuli, Xocalı, Laçında uşaqlarla görüş” layihəsi çərçivəsində hazırlanmışdır.

Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Seçilən
4
sabahinfo.az

1Mənbələr