Son günlər yas mərasimləri üçün dəvətnamə göndərmək trendə çevrilib. Artıq yas mərasimləri üçün də xüsusi dəvətnamələr hazırlanır. Şəhər sakinlərinin bildirdiyinə görə, bundan əvvəl insanlar şad günləri üçün dəvətnamə göndərirdisə, indi bu adət yas mərasimlərinə keçib.
Avtosfer.az xəbər verir ki, bu barədə Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov Qaynarinfo-ya açıqlamasında buna təəssüf etdiyini vurğulayıb:
"Təəssüf ki, bizim millət yaxşı şeyləri götürmək əvəzinə mənfi məsələlərə daha meyllidir. Bu gün biz daha çox müzakirə edirik ki, yaslardakı israfçılığı necə aradan qaldırmaq olar. Düşünürəm ki, bu bizim əsas istiqamətimiz olmalıdır. Bunu müzakirə etdiyimiz bir zamanda isə yeni bir sürprizlə rastlaşırıq. İnsanlar yeni metod fikirləşirlər, onlar artıq bunu həyata keçirməyi planlaşdırırlar. İndi də dəvətnaməyə keçirlər. Burada ən vacib və önəmli məqam o olmalıdr ki, israfçılığı necə aradan qaldıraq".
Ceyhun Məmmədov hesab edir ki, bu məsələdə əsas məqsəd və hədəf bu olmalıdır:
"Biz bu haqda daha çox düşünməliyik. Kim yasa dəvətnamə ilə çağırmağı düşünürsə, şəxsi işidir. Amma düşünürəm ki, biz bunu deyil, daha önəmli məsələləri müzakirə etməliyik. Bu da israfçılıqdır. Onsuz da insanlar bilir ki, yas mərasimlərinə getmək lazımdır. Bunun üçün xüsusi bir dəvətnaməyə ehtiyac varmı? Məsələnin mahiyyəti bundan ibarətdir. İnsanların fikirləri və ideyası tükənmir, ortaya yeniliklər çıxarırlar".
Dini məsələlər üzrə araşdırmaçı-jurnalist Kənan Rövşənoğlu isə bildirib ki, yas mərasimi ilə bağlı bir standart yoxdur:
"Hər ölkədə, din və ya məhəlli adətlər var. Yas mərasiminə dəvətnamə göndərmək xüsusi bir günah əməl deyil, yəni ümumiyyətlə, dində yaş mərasimi təşkili ilə bağlı göstəriş olmur. Dinin hökmü bəllidi, ölən insan yuyulub kəfənlənməli və namaz qılınıb dəfn olunmalıdır. Vəssalam, ondan geriyə qalan xalqın adət-ənənələridir".