AZ

Azərbaycanın suverenliyinin başlandığı ilk gün...


Azərbaycanın dövlətçilik tarixində suverenlik anlayışı milli azadlıq mübarizəsinin və xalqın öz müqəddəratını təyin etmək iradəsinin simvoludur. Hər bir xalqın varlığı onun dövlət müstəqilliyi ilə təsdiq olunur. Bu baxımdan Dövlət Suverenliyi Günü Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıyır. Bu gün yalnız formal bayram deyil, həm də xalqın ölkənin ərazi bütövlüyü uğrunda mübarizəsinin təcəssümüdür.

Qeyd edək ki, iki il bundan əvvəl Azərbaycan ordusu dövlət suverenliyinin bərpası üçün lokal antiterror əməliyyatına başlayıb. Buna səbəb o idi ki, 44 günlük Vətən müharibəsindən sonra imzalanan 10 noyabr 2020-ci il üçtərəfli bəyanatına baxmayaraq, Qarabağda yerləşən erməni silahlı birləşmələri bölgəni tərk etməmişdi. Onlar tez-tez Azərbaycan mövqelərinə qarşı diversiyalar həyata keçirir, minatarlama və digər təxribatlarla sülh prosesinə mane olurdu. 2023-cü ilin sentyabr ayının ortalarında mina partlayışı nəticəsində Azərbaycan polis və dövlət qurumlarının əməkdaşları həlak oldu. Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələri mövqelərimizi atəşə tutaraq gərginliyi artırdı. Bu faktlar Azərbaycanın sabitliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə birbaşa təhdid idi. Elə bun qarşı da əməliyyata başlandı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin suverenliyinin tam bərpa edilməsi, cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyatdan sonra erməni separatçılarının silahı yerə qoyaraq təslim olması, bundan bir müddət sonra Xankəndi, Xocalı, Ağdərə, Xocavənd və Əsgəranda üçrəngli Azərbaycan Bayrağının yüksəldilməsi müasir tariximizdə müstəsna əhəmiyyətə malikdir. Qeyd edək ki, iki il əvvəl antiterror tədbirlərinə başlanması o vaxt Azərbaycan ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisində olan Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən minaatanlardan və müxtəlif çaplı atıcı silahlardan atəşə tutuldması, nəticədə 2 hərbi qulluqçunun yaralanması oldu. Bunun ardınca antiterror əməliyyatın başladı. Ali Baş Komandan İlham Əliyevin şəxsi nəzarəti altında keçirilən antiterror əməliyyatı qısa müddət ərzində, bitdi, bir sutkadan az davam etdi. Bu əməliyyata Quru Qoşunlarının komando, mexanikləşdirilmiş və motoatıcı bölmələrinin bir qismi, Hərbi Hava Qüvvələrinin, Hərbi Dəniz Qüvvələrinin və Xüsusi Təyinatlı Qüvvələrin bəzi qrupları, eləcə də raket-artilleriya və mühəndis-istehkam bölmələrinin məhdud sayda şəxsi heyəti və döyüş texnikası cəlb olunmuşdu. Düşmənin uzun müddət ərzində qurduğu və möhkəmləndirdiyi mövqeləri əməliyyata cəlb edilmiş bölmələrimiz yüksək peşəkarlıq sayəsində məharətlə yarıb keçə bildi. Qarşıya qoyulmuş döyüş tapşırıqlarının icrasında istifadə edilən tanklar, piyadanın döyüş maşınları, zirehli transportyorlar, artilleriya sistemləri, hərbi aviasiya və radioelektron mübarizə vasitələrinin, eləcə də pilotsuz uçuş aparatlarının effektiv tətbiqi və səmərəli istifadə olunması əməliyyatın uğurla nəticələnməsində böyük rol oynadı. Ordunun bölmələri yaşayış məntəqələrinə daxil olmadı və erməni əsilli mülki əhali ilə təmasa girmədi. Yaşayış məntəqələri və orada yaşayan əhali zərər çəkməsin deyə əməliyyatda iştirak edən bölmələrin arxasınca hərəkət edən Daxili Qoşunların qüvvələri ilə mülki əhali silahlı toqquşmadan təcrid edildi. Mülki infrastruktura və əhaliyə, yaşayış məntəqələrinə zərbələr endirilmədi. Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları milli dövlətçilik tariximizdə yeni qəhrəmanlıq salnaməsi oldu. Halbuki qarşıda peşəkar hərbçilərdən və muzdlu döyüşçülərdən ibarət, təcrübəli şəxsi heyət dayanırdı və irəliyə addım atmaq üçün ordumuzun yarmalı olduğu illərlə möhkəmlənmiş müdafiə mövqeləri var idi. Üstəlik, hərbi mövqelər qəsdən yaşayış məskənləri arasına, iaşə obyektlərinin yaxınlığında yerləşdirilmişdi ki, hər hansı hərbi əməliyyat çərçivəsində mülki əhalidən sipər kimi istifadə edilsin. O vaxt siyasi situasiya da kifayət qədər mürəkkəb idi və separatçılara açıq formada dəstək verilirdi. Belə mürəkkəb hərbi-geosiyasi şəraitdə mümkün ehtimallardan daha qısa zaman kəsiyində düşmənin diz çökdürülməsi dünya hərb tarixinin qızıl səhifələrindən biridir.

Əməliyyatdan sonra prezidenti İlham Əliyev xalqa müraciət etdi. Dövlət başçısı lokal xarakterli antiterror tədbirlərinin uğurla başa çatması nəticəsində Azərbaycanın suverenliyinin bərpa olunduğunu xalqa bəyan etdi. Ali Baş Komandan İlham Əliyev qeyd etdi ki, bir daha Azərbaycan əsgəri, zabiti həm yüksək peşəkarlıq, həm də yüksək mənəvi keyfiyyətlər göstərdi. Azərbaycan rəhbəri Qarabağda yaşayan erməniəsilli insanlara ali səviyyədə siyasi təminat verdiyini bir daha bəyan etdi. Həmçinin dövlət başçısının özünün də ifadə etdiyi kimi, Azərbaycan qanunvericiliyinin, Azərbaycan Konstitusiyasının digər vətəndaşlara münasibətdə müəyyən etdiyi bütün hüquqi təminatlar, o cümlədən Azərbaycanın ayrılmaz parçası olan Qarabağa da, təbii ki, şamil edilir və erməniəsilli sakinlər əminliklə bu ölkənin tam hüquqlu vətəndaşı kimi bütün sosial-iqtisadi, həmçinin hüquqi təminatlardan istifadə edə bilərlər. Bundan başqa, Azərbaycan prezidentinin çox vacib istiqamətlərdən biri kimi diqqətə çatdırdığı məqam bölgəyə yad ünsürlərin müdaxiləsi və bu müdaxilənin birgəyaşayış, bölgədə davamlı, dayanıqlı sülh və sabitlik üçün təhdid olması ilə bağlı idi. Beynəlxalq ictimaiyyət Azərbaycanın antiterror tədbirlərini diqqətlə izləyirdi. Rəsmi Bakı əməliyyatın lokal xarakterli olduğunu və dinc əhalinin hədəfə alınmadığını dəfələrlə vurğuladı. Əksinə, əhali üçün humanitar dəhlizlər açıldı, tibbi yardım və ərzaq təminatı həyata keçirildi. Bir çox dövlətlər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildirdi. Bəzi beynəlxalq təşkilatlar isə tərəfləri dialoqa çağırdı. Lakin əməliyyatın sürətli və effektiv nəticəsi göstərdi ki, bölgədə uzunmüddətli sülh yalnız Azərbaycanın suverenliyi tam təmin olunduqdan sonra mümkün ola bilər. Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror tədbirləri həm hərbi, həm siyasi, həm də diplomatik baxımdan böyük uğur hesab olunur. Bu əməliyyat nəticəsində ölkənin ərazi bütövlüyü bərpa olundu, suverenlik tam təmin edildi və gələcək sülh prosesinin yeni mərhələsi başlandı. Onu da qeyd edək ki, Azərbaycan işğaldan azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda son 5 il ərzində həyata keçirdiyi tədbirlərlə inkişaf və tərəqqidə özü bir nümunə yaradıb. Onu da qeyd edək ki, Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli sərəncamı ilə 20 Sentyabr - Dövlət Suverenliyi Günü elan olunub. Bu tarix Azərbaycanın müasir siyasi tarixində dönüş nöqtəsi hesab edilir, çünki yuxarıda qeyd olunduğu kimi 2023-cü il sentyabrın 19-dan 20-nə keçən gecə lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin bütün ərazilərində tam suverenlik bərpa olunub.

Ramil QULİYEV

Seçilən
36
baki-xeber.com

1Mənbələr