Azərbaycanda özəl pensiya fondlarının yaradılması istiqamətində qanun layihəsi hazırlanır. Bu barədə məlumatı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev açıqlayıb. Komitə sədri bildirib ki, qanun layihəsi ya 2025-ci ilin payız sessiyasında, ya da 2026-cı ilin yaz sessiyasında Milli Məclisdə müzakirəyə çıxarılacaq.
Hazırkı qanunvericiliyə görə, sosial sığorta icbari məsuliyyət daşıyır və pensiya növlərindən biri sayılır. Ailə başçısını itirməyə görə pensiya təyinatı mövcuddur və bu sahədə artıq müəyyən həll yolları tətbiq olunub. Yeni qanun layihəsi ilə vətəndaşlar könüllü olaraq özəl pensiya fondlarından yararlanmaq imkanına sahib olacaqlar.
İqtisadçı-ekspert Xalid Kərimli hafta.az-a özəl pensiya fondlarının əhəmiyyətini şərh edib.
Ekspert bildirib ki, bu fondlar əsasən əmək haqqından aylıq ödəniş əsasında formalaşacaq və hər kəsin faydalanması üçün iştirak zəruridir:
“Özəl pensiya fondu pensiya fondlarına alternativdir. İcbari pensiya fondundan fərqli olaraq burada məqsəd könüllü olacaq, kim istəsə özəl pensiya fonduna üzv ola bilər. Amma razılaşmalara görə, maaşın müəyyən hissəsi fonda köçürülməlidir. Hazırkı pensiya fondu 65 yaşa çatandan sonra pensiya təminatını yaradır, burada isə daha çevik mexanizm olacaq. Həmçinin, pensiya vəsaitləri varislərə keçə bilər və menecerlər fondu səmərəli idarə etsələr, daha yüksək təminat imkanları yaranacaq”.
Ekspert vurğulayıb ki, əməkhaqqından ödəniş etməyən vətəndaşlar özəl fondlardan yararlana bilməyəcəklər. Dövlət pensiya fondu isə hətta işləməyən şəxslərə də pensiya təminatı verir, ancaq özəl fondlarda bu mexanizm mövcud olmayacaq və yalnız aktiv iştirakçılar üçün nəzərdə tutulub.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli hafta.az-a açıqlamasında yeni qanun layihəsini əhəmiyyətli islahat kimi qiymətləndirib.
O bildirib ki, Azərbaycan pensiya sistemi hazırda əsasən “pay-as-you-go” modelinə əsaslanır və burada işləyənlərin ödədiyi vəsaitlər hazırda pensiya alanlara yönəldilir:
“Lakin əhali yaşlandıqca və işçi-pensiyaçı nisbəti azalanda sistemdə maliyyə təzyiqi artır. Bu baxımdan özəl fondların əlavə edilməsi fərdi yığım mexanizminin tətbiqinə imkan yaradır, dövlətin yükünü azaldır və pensiya təminatını yalnız büdcədən asılı etməməyə şərait yaradır. Özəl fondlarda yığılan vəsaitlər maliyyə bazarlarına yönəldiləcək, bu isə həm kapital bazarının inkişafına, həm də pensiya ödənişlərinin daha sabit və şaxələnmiş mənbələrdən təmin olunmasına gətirib çıxara bilər. Həmçinin fondların düzgün tənzimlənməsi maliyyə sisteminə əlavə “yastıq” yaradaraq böhran dövrlərində dövlətin yükünü azalda bilər. Vergi güzəştləri və dövlətin müəyyən iştirak mexanizmləri vətəndaşları aktiv iştirak etməyə təşviq edə bilər”.
İqtisadçı vurğulayıb ki, hazırda insanların əksəriyyəti gəlirlərini qısa müddətli istehlaka yönəldir, lakin özəl pensiya fondları uzunmüddətli maliyyə planlaşdırma və qənaət vərdişini gücləndirir:
“Özəl fondların əlavə edilməsi fərdi yığım mexanizminin tətbiqi dövlət üzərində yükü azaldır və pensiya təminatının yalnız büdcədən asılı olmamasına imkan yaradır. Özəl fondlarda toplanan vəsaitlər maliyyə bazarlarına yönləndiriləcək, bu da həm kapital bazarının dərinləşməsinə, həm də pensiya ödənişlərinin daha sabit və şaxələnmiş mənbələrdən təmin olunmasına gətirib çıxara bilər. Pensiya fondlarının topladığı vəsaitlər səhm, istiqraz, daşınmaz əmlak fondları və digər maliyyə alətlərinə yatırıldıqda ölkədə uzunmüddətli maliyyə resurslarının həcmi artır. Azərbaycanda qiymətli kağızlar bazarı hələ tam inkişaf etməyib. Özəl pensiya fondlarının fəaliyyəti bu bazarı stimullaşdıraraq daha çox şirkətin birjada listinq olunmasına səbəb ola bilər”.
Mütəxəssisin fikrincə, vətəndaşların fondlara etimadı uğurun əsas şərti hesab olunur:
“Şəffaflıq, dövlət nəzarəti, beynəlxalq audit və risklərin sığortalanması bu etimadı artırmalıdır. Bununla belə, proses risklərdən tam azad deyil: səhv investisiya qərarları vəsaitləri təhlükəyə ata, uzunmüddətli alətlərdə dondurulmuş vəsaitlər isə təcili ehtiyac zamanı çıxış imkanlarını məhdudlaşdıra bilər”.