Naxçıvan, 19 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində “Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin bərpası” mövzusuna həsr olunmuş elmi konfrans keçirilib.
Bölmənin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbir ölkənin müasir siyasi-hüquqi reallıqları və Azərbaycanın milli maraqları prizmasından mühüm elmi-nəzəri məsələlərin müzakirəsinə həsr olunub.
Tədbirdə AMEA Naxçıvan bölməsinin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan Respublikasının dövlət suverenliyi və ərazi bütövlüyünün beynəlxalq hüquq normalarına əsaslanaraq tam şəkildə təmin olunmasının tarixi-siyasi əhəmiyyətini vurğulayıb, bu istiqamətdə həyata keçirilmiş kompleks hərbi-siyasi tədbirlərdən və onların nəticələrindən bəhs edib. Eyni zamanda, İsmayıl Hacıyev elmi ictimaiyyətin milli ideologiyanın möhkəmləndirilməsi və tarixi həqiqətlərin təbliği sahəsində üzərinə düşən vəzifələrini xüsusi olaraq qeyd edib.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyev “Azərbaycan Respublikasının Konstitusiyası və suverenlik məsələsi” mövzusunda məruzə edib. Tədqiqatçı Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş dövlətçilik prinsiplərini, suverenliyin hüquqi mahiyyətini və dövlət müstəqilliyi baxımından rolunu geniş təhlil edib. İlhami Əliyev suverenliyin təminatı məsələsinin yalnız siyasi-hüquqi mexanizmlərlə deyil, həm də milli iradəyə əsaslanan dövlət strategiyası ilə sıx bağlı olduğunu qeyd edib.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, dosent Zeynəb Quliyeva “II Qarabağ müharibəsi və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi” mövzusunda məruzəsində 2020-ci ilin 44 günlük Vətən müharibəsinin səbəbləri, gedişi və nəticələrini tarixi aspektdən təhlil edib, müharibənin Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünün bərpasında oynadığı həlledici rolu elmi faktlar əsasında əsaslandırıb. O, həmçinin bu zəfərin uzunmüddətli işğalın qeyri-qanuniliyini ifşa etdiyini və Azərbaycanın regionda yeni təhlükəsizlik arxitekturasının qurulmasında əsas aktora çevrilməsini təmin etdiyini vurğulayıb.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov “Antiterror əməliyyatı və suverenliyimizin bərpası” mövzusunda məruzə edərək 2023-cü ilin sentyabr ayında Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal xarakterli antiterror tədbirlərinin siyasi-hüquqi əsaslarını, bu əməliyyatların milli suverenliyin tam bərpası baxımından əhəmiyyətini şərh edib. Alim geri qaytarılmış ərazilərə səfər edən zaman çəkdiyi fotoları məruzəsinin sonunda slayd şəklində iştirakçılara nümayiş etdirib.