AZ

Dövlət Mükafatları Komissiyası 2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir

Bakı, 19 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyası 2026-cı il üçün Dövlət Mükafatlarına əsərlərin, işlərin, layihələrin qəbulunu elan edir.

Komissiyadan AZƏRTAC-a verilən məlumata görə, müvafiq sənəd və materiallar Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 8 fevral tarixli 212 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının Əsasnaməsi”ndə göstərilən qaydaya uyğun hazırlanmalı və 2026-cı il fevralın 1-dək Komissiyaya təqdim edilməlidir.

Dövlət Mükafatı Azərbaycan Respublikasının vətəndaşı olan müəlliflərə elmin, texnologiyanın, memarlığın, mədəniyyətin və ədəbiyyatın inkişafına mühüm töhfələr verən əsərlərə, fundamental və tətbiqi elmi araşdırmalara, dövlətçilik, iqtisadi inkişaf və digər sahələrdəki elmi kəşflərə və ixtiralara, qabaqcıl sənaye-texniki təcrübənin tətbiqinə və nəzəri tədqiqatlara, habelə yeni material və mexanizmlərin yaradılmasına görə verilir.

Əsərlər dövlət orqanları (qurumları), ali təhsil müəssisləri, elmi müəssisə va təşkilatlar, ictimai birliklər, yaradıcılıq ittifaqları və birlikləri tərəfindən Dövlət Mükafatlarına taqdim olunur.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilən digər mükafatlara, eləcə də digər ölkələrin dövlət mükafatlarına layiq görülmüş əsərlər Dövlət Mükafatına təqdim edilə bilməz.

Bir müəllifə eyni zamanda bir neçə əsərə görə Dövlət Mükafatı verilmir. Bir qurum tərəfindən Dövlət Mükafatına yalnız bir əsər təqdim edilə bilər. Eyni əsər iki dəfədən artıq Mükafata təqdim edilə bilməz.

Dövlət Mükafatına irəli sürülmüş əsərlər və namizədlər barədə Komissiya qarşısında vəsatət qaldırılarkən, vəsatətlə birlikdə hər bir namizədin əmək fəaliyyəti haqqında qısa məlumat, əsərin müəllif (müəlliflər) tərəfindən imzalanmış qısa annotasiyası, elmi-texniki işlər üçün texniki və iqtisadi göstəricilər, tətbiqetmənin nəticələri, yayılma miqyası haqqında məlumat, əsər və əsərin müəllifləri barədə mətbuatda dərc olunmuş rəy və tədqiqatlar, o cümlədən müvafiq Əsasnamədə nəzərdə tutulmuş digər materiallar təqdim edilməlidir.

Dövlət Mükafatları Komissiyasının ünvanı: AZ1066, Bakı şəhəri, Lermontov küçəsi, 68, Azərbaycan Respublikasının Nazirlər Kabineti.

Əlaqə telefonu: 492-83-77. E-mail: [email protected]

Seçilən
31
1
azertag.az

2Mənbələr