AZ

"Bu məsələlərlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac olub-olmaması parlamentin qərarına bağlıdır"

"Transgenderlərə qarşı ənənəvi münasibətin birmənalı olmadığı fikri ilə razı deyiləm. Çünki “transgender” anlayışı Azərbaycanda qədim tarixə malik deyil və daha çox müasir dövrün simvoludur. Tariximizin müxtəlif dövrlərinə nəzər salsaq, nə ədəbiyyatımızda, nə də ictimai ənənələrimizdə transgenderlərlə bağlı konkret nifrət və ya düşmənçilik nümunələri yoxdur. Lakin bu gün bəzi insanların LGBT üzvlərinə, o cümlədən transgenderlərə qarşı qeyri-etik münasibətinə şahid oluruq".

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Şamil Paşayev deyib.

O, bildirib ki, bu problem təkcə Azərbaycana xas deyil:

"Yetişməmiş cəmiyyətlərin çoxunda oxşar hallar müşahidə olunur. Şərq ölkələrində, İslam ölkələrində, postsovet məkanında və hətta Şərqi Avropanın bir sıra dövlətlərində də belə münasibətlər mövcuddur. Əslində, digər insanlara dini, cinsi və ya irqi mənsubiyyətinə görə ayrı-seçkilik etməmək yalnız yüksək inkişaf etmiş ölkələrdə daha geniş müşahidə olunur. Halbuki, transgenderlər də daxil olmaqla bütün sosial qruplara aid şəxslərə qarşı ayrı-seçkiliyə yol verilməməlidir".

Onun sözlərinə görə, şəxslərin cinsinə görə təhqir olunması Azərbaycan Respublikasının qanunvericiliyi ilə də məsuliyyət yaradır:

"Ümumiyyətlə, hər hansı şəxsin təhqir olunması həm mənfi bir haldır, həm də hüquqi məsuliyyətə səbəb olur. Cəmiyyətlər bir-birinə qarşı loyal olmalı, insanlar arasında nifrət və düşmənçilik aşılayan fikirlər nə sosial mediada, nə də mediada yayılmamalıdır. Hər kəs öz həyatını, öz təbiətinə, cinsinə, irqinə və dilinə uyğun olaraq bərabər hüquqlar və fürsətlər əsasında yaşamalıdır".

Hüquqşünas bildirib ki, bu məsələlərlə bağlı ayrıca qanunun qəbul olunmasına ehtiyac olub-olmaması parlamentin qərarına bağlıdır:

"Lakin əslində buna ehtiyac qalmır, çünki ümumi insan hüquqları hər kəsi qoruyur. Uşaqlar da, qadınlar da, LGBT üzvləri, transgenderlər də insan hüquqları çərçivəsində qorunmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasında da qeyd olunur ki, hər kəs qanun qarşısında bərabərdir. Bu bərabərlik dili, dini, irqi, sosial qrupu və digər xüsusiyyətlərdən asılı olmayaraq bütün insanlara şamil edilir".

Əfsanə Kamal
Demokrat.az
Seçilən
22
1
demokrat.az

2Mənbələr