AZ

Pakistan: Nüvə potensialımız Səudiyyə Ərəbistanı üçün əlçatan olacaq

Pakistanın nüvə potensialı, Səudiyyə Ərəbistanı ilə son zamanlar imzalanmış strateji müdafiə sazişi çərçivəsində “şübhəsiz” əlçatan olacaq.

Ölkə.Az xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavadja Asif bildirib.

O vurğulayıb ki, bu müqavilə “tamamilə müdafiə xarakteri daşıyır” və ortaq təhlükəsizliyi təmin etmək məqsədi güdür.

Səudiyyə Ərəbistanının taxt-tac vəliəhdi Məhəmməd ibn Salman və Pakistanın baş naziri Şəhbaz Şərif çərşənbə günü Ər-Riyad şəhərində sazişi imzalayıblar.

Pakistanın "Geo News" telekanalına verdiyi müsahibədə Asif sazişi “çətir” (umbrella) paktı adlandırıb və bildirib:

“Əgər ölkələrdən birinə hücum olunarsa, biz birlikdə cavab verəcəyik.”

Sazişin imzalanması mərasimindən sonra yayılan birgə bəyanatda qeyd olunub:

“Bu saziş, hər iki ölkənin öz təhlükəsizliyini gücləndirməyə və bölgədə, eləcə də dünyada təhlükəsizlik və sülhün təmin edilməsinə ümumi öhdəliyini əks etdirir, iki ölkə arasında müdafiə əməkdaşlığını inkişaf etdirməyi və hər hansı aqressiyaya qarşı birgə qarşıdurmanı gücləndirməyi hədəfləyir.”

Sazişdə deyilir ki, hər hansı bir ölkəyə qarşı aqressiya hər iki ölkəyə qarşı aqressiya hesab ediləcək.

Müdafiə naziri söyləyib: “Biz heç kimin adını çəkmədik, amma aqressiyanı törədən tərəf vahid cavabla üzləşəcək. Bu, qorunma sazişidir”.

Sual olunduqda ki, Səudiyyə Ərəbistanı Pakistanın nüvə “çətirindən” faydalana biləcəkmi, Asif belə cavab verib: “Bizim sahib olduğumuz imkanlar, şübhəsiz, bu saziş çərçivəsində əlçatan olacaq”.

O əlavə edib ki, Pakistan 1998-ci ildə ilk nüvə sınaqlarını keçirən “məsuliyyətli nüvə dövlətidir” və bu status “heç vaxt şübhə altına qoyulmayıb”.

"ABŞ Ər-Riyadla bu müdafiə paktı barədə məsləhətləşibmi?" sualına Asif bildirib ki, üçüncü tərəfi məlumatlandırmağa heç bir əsas və səbəb yoxdur.

“Bu hegemonik saziş deyil, müdafiə paktıdır, halbuki ABŞ-nin özü bir çox ölkələrlə oxşar müqavilələri var. Bizim əsas hüququmuz – özümüzü qorumaqdır. Biz heç kimin torpağını işğal etmək niyyətində deyilik”.

Digər ölkələrin belə sazişə qoşulma imkanı barədə sualı cavablandıran Asif deyib ki, hazırda bu barədə şərh vermək tezdir, amma əlavə edib ki, Pakistanın qapıları açıqdır.

Seçilən
12
olke.az

1Mənbələr