AZ

Aİ-nin genişlənmə komissarının Bakıya xüsusi səfərinin ilginc məqsədi - Brüssel onu təsadüfən göndərməyib...


Təbriz Musayev: “Çox güman ki, Əməkdaşlıq sazişi ilə bağlı tərəflər arasında danışıqlar daha da intensivləşəcək”

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kosu qəbul edib. Marta Kos Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması və sülh gündəliyinin irəlilədilməsi istiqamətində əldə edilmiş nailiyyətlər münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Qonaq bildirib ki, Avropa İttifaqı regionda davamlı sülhün təmin olunmasına yönəlmiş səylərə və Azərbaycanın humanitar minatəmizləmə sahəsindəki fəaliyyətinə dəstəyini bundan sonra da davam etdirəcək. Komissar Marta Kos Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində uğurlu əməkdaşlığın qurulduğunu deyərək, həmçinin nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu vurğulayıb.

Prezident İlham Əliyev bu ilin mayında Tiranada Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə görüşünü məmnunluqla xatırladıb. Azərbaycanın regionda sülh gündəliyinin irəli aparılması üçün səylərini bundan sonra da davam etdirəcəyini vurğulayıb. Regionda nəqliyyat bağlantılarının yaradılması üçün yaxşı imkanların olduğunu deyən Prezident işğaldan azad edilmiş ərazilərimizdə yol-nəqliyyat infrastrukturunun qurulması ilə bağlı Azərbaycanın intensiv işlər gördüyünü qeyd edib. Görüşdə Orta Dəhliz ilə Mərkəzi Asiyadan Azərbaycana gələn yüklərin həcmində əsaslı dərəcədə artımın müşahidə olunduğu bildirilib və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Göründüyü kimi, Azərbaycanla Avroittifaq arasında ciddi təmaslar mövcuddur. Bütün bunların fonunda, Azərbaycanla Avropa İttifaqı arasında Əməkdaşlıq sazişinin perspektivləri necə görünür?

“Vaşinqton razılaşması, hesab edirəm ki, bunların üzərindən birdəfəlik xətt çəkdi”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən İrəvan Azadlıq Təşkilatının sədri Təbriz Musayev hesab edir ki, bir sıra məsələlərlə əlaqədar Azərbaycanın önəmi artdıqca, Aİ ilə Əməkdaşlıq sazişinin perspektivləri daha da aktuallaşır: “Məsələ ondadır ki, Azərbaycan Avropanın enerji təminatında vacib rol oynayır. On Avropa dövlətinə Azərbaycan qaz ixrac edir. Düzdür, ixrac etdiyimiz qaz həcm baxımından elə də böyük deyil, amma çoxsaylı ölkənin ölkəmizdən qaz idxal etdiyini nəzərə alsaq, bu, önəmli əhəmiyyətə malikdir. Digər tərəfdən, Azərbaycanın Cənubi Qafqazda önəmli mövqedə yerləşdiyini nəzərə alsaq, Avroittifaq Türkmənistan qazının TransXəzər vasitəsi ilə nəqlinə ümid edir. Başqa bir tərəfdən, Çinlə Avropa İttifaqı arasında ticarət dövriyyəsində Azərbaycanın tranzit önəmi hər keçən gün daha da artır. Zəngəzur dəhlizi (Tramp yolu) işə düşəndən bu marşrutla 15 milyon ton yük daşınacaq. Gürcüstan üzərindən daşınacaq yüklərin həcminin 10 milyon tona çatdırılması planlaşdırılır. Ən başlıcası isə, avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan dövlət başçıları sülh sazişinin bəndlərini paraflayıblar. Məhz bu, regionda yeni vəziyyət yaradıb və Aİ-nin Azərbaycana olan münasibətində siyasi fəallığa səbəb olub. Çünki Aİ-də müəyyən dairələr zaman-zaman yanlış rəy yaradılar ki, guya Azərbaycan Ermənistana təcavüz etməyə hazırlaşır, Rusiyanın planlarına oynayır və s. Bu kimi cəfəng iddialar üzündən dəfələrlə Azərbaycanla Aİ arasında danışıqlarda gərginlik yaşanıb. Vaşinqton razılaşması, hesab edirəm ki, bunların üzərindən birdəfəlik xətt çəkdi. Ermənistanla sülh sazişi imzalanandan sonra Aİ missiyasının sərhəddə mövcudluğuna da ehtiyac qalmayacaq. O baxımdan çox güman ki, Əməkdaşlıq sazişi ilə bağlı tərəflər arasında danışıqlar daha da intensivləşəcək. Burada bəzi məsələlərin razılaşdırılması qalıb. Hər halda ümid var ki, onlar da öz həllini tapacaq. Çünki Bressel Azərbaycanın strateji mövqedə yerləşdiyinin fərqindədir”.

Vidadi ORDAHALLI

Seçilən
27
4
baki-xeber.com

5Mənbələr