AZ

Azərbaycan öz suveren hüquqlarını qorumaq və milli maraqlarını təmin etmək əzmindədir  

Azərbaycanın tarixi zəfərləri regionda yeni dövrün başlanğıcı kimi mütərəqqi rol oynamışdır. Bu amillər dövlətimizin qətiyyətli siyasətini, ordumuzun peşəkarlığını və xalqımızın birliyini bir daha bütün dünyaya nümayiş etdirmişdir.

2020-ci il 10 noyabr tarixində imzalanmış üçtərəfli bəyanat İkinci Qarabağ müharibəsinin bitməsini təmin etsə də, bölgədə mövcud olan erməni silahlı birləşmələrinin tam çıxarılması ilə bağlı müddəalar uzun müddət icra edilmədi. Halbuki, həmin sənədə əsasən Ermənistanın silahlı qüvvələri Azərbaycan ərazisini tərk etməli, qeyri-qanuni silahlı dəstələr isə tərksilah edilməli idilər. Lakin sonrakı illərdə Ermənistan rəhbərliyi və separatçı qüvvələr bu öhdəlikləri yerinə yetirmədi, əksinə, yeni silahlar, döyüş texnikaları və canlı qüvvə bölgəyə daşınırdı. Qarabağda “müstəqillik” iddialarını davam etdirən separatçılar Azərbaycan dövlətinə qarşı təxribatçı bəyanatlar verirdilər.

Azərbaycan bütün bu müddət ərzində səbr və humanizm nümayiş etdirərək problemi sülh yolu ilə həll etməyə çalışırdı. Rəsmi Bakı dəfələrlə Ermənistan rəhbərliyinə, beynəlxalq ictimaiyyətə müraciət edərək bölgədəki qeyri-qanuni hərbi qüvvələrin çıxarılmasının vacibliyini xatırladırdı. Lakin Ermənistan tərəfi hər dəfə bu çağırışlardan yayınır, Qarabağdakı separatçılar isə davamlı şəkildə hərbi təxribatlara əl atırdılar.

Ən təhlükəli məqamlardan biri Qarabağ ərazisinə Ermənistandan kütləvi şəkildə minaların gətirilməsi və basdırılması idi. Bu fakt bir daha göstərirdi ki, Ermənistan və separatçı qüvvələr bölgədə sülhün bərqərar olmasında maraqlı deyillər.

Azərbaycanın qətiyyətli addımları ilə 2023-cü il aprelin 23-də Laçın–Xankəndi yolunun başlanğıcında “Laçın” Nəzarət-Buraxılış Məntəqəsi quruldu. Bununla, Ermənistan tərəfindən qeyri-qanuni silah daşımalarının qarşısı alındı, dövlət sərhədlərimizdə nəzarət tam təmin edildi. Lakin separatçı rejim bundan sonra da öz fəaliyyətini davam etdirdi, qanunsuz silahlı dəstələr mövqelərini gücləndirdi.

2023-cü il sentyabrın 19-da erməni silahlı dəstələrinin törətdiyi genişmiqyaslı terror aktları Azərbaycanın hərbçilərinin və mülki şəxslərinin həlak olması ilə nəticələndi. Bu təxribatlar Azərbaycanın səbr kasasını daşıran son damla oldu. Dövlətimiz milli təhlükəsizliyi və konstitusiya quruluşunu bərpa etmək məqsədilə lokal xarakterli antiterror əməliyyatına başladı.

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat zamanı Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq göstərərək düşmənin hərbi obyektlərini dəqiq zərbələrlə sıradan çıxardı. 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizləndi, yüzlərlə döyüş texnikası məhv edildi və 18 mindən çox atıcı silah ələ keçirildi. Ən önəmlisi isə Ermənistan ordusunun qalıqları və separatçı silahlı dəstələr tam şəkildə tərksilah edildi. 

Antiterror tədbirləri yalnız hərbi qələbə ilə yekunlaşmadı, həm də separatizmin sonunu gətirdi. Qarabağda qeyri-qanuni “rejim”in başçıları məğlubiyyətlərini etiraf etmək məcburiyyətində qaldılar. Sentyabrın 28-də Samvel Şahramanyan qondarma qurumun buraxılması barədə sənəd imzaladı. 

19–20 sentyabr 2023-cü il antiterror əməliyyatı nəticəsində Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə üçrəngli bayrağımız dalğalandırıldı. 2023-cü il oktyabrın 15-də isə Ali Baş Komandan İlham Əliyev həmin şəhərlərdə Dövlət Bayrağını şəxsən ucaldaraq bu tarixi Qələbəni bütün dünyaya nümayiş etdirdi.

Prezident İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə ölkəmizdə Dövlət Suverenliyi Günü elan edilmişdir. Bu əlamətdar gün Azərbaycan xalqının müstəqilliyi və suverenliyinin qorunması, milli maraqlarının təmin olunması yolunda göstərilən qəhrəmanlıq və qətiyyətin təzahürü olaraq qeyd edilir.

Beləliklə, qısa müddətdə aparılmış bu parlaq əməliyyat regionda yeni reallıqların formalaşmasına səbəb oldu. Tarixi Zəfər bir daha göstərdi ki, Azərbaycan öz suveren hüquqlarını qorumaq və milli maraqlarını təmin etmək əzmindədir. Əldə edilən qəti Qələbə isə bölgədə sülh və təhlükəsizlik üçün əsaslı zəmin yaratdı.

Mahir SÜLEYMANLI,

Milli Məclisin deputatı

Seçilən
0
5
azerbaijan-news.az

10Mənbələr