AZ

Azərbaycan 14 fələstinli tələbəni Qəzzadan təxliyə edib » AzadMedia.az

Azərbaycan


Azərbaycan Fələstin tərəfinin xahişi əsasında "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramı çərçivəsində ölkədə ali təhsil almaq hüququ qazanmış 14 fələstinli tələbəni Qəzza bölgəsindən təxliyə edib.

Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, bölgədə davam edən hərbi əməliyyatlar və qeyri-sabit vəziyyət ötən il qəbul olunmuş tələbələrin Azərbaycana gəlişini mümkünsüz edib.

Məlumata görə, tələbələrdən daxil olmuş müraciət və Fələstin tərəfinin xahişi əsasında Azərbaycan Xarici İşlər Nazirliyi onların ölkəyə gətirilməsi istiqamətində iş aparıb.

Tələbələr quru yolu ilə Qəzzadan çıxarılaraq İordaniyaya gətirilib, daha sonra isə hava nəqliyyatı vasitəsilə onların İordaniyanın paytaxtı Əmman şəhərindən Bakıya uçuşları təşkil olunub.

Təxliyə prosesi sentyabrın 17-də başlayıb və artıq həmin tələbələrdən 10 nəfəri bu gün səhər Heydər Əliyev adına beynəlxalq hava limanında qarşılanıb. Digər 4 nəfərin isə yaxın saatlarda qarşılanması nəzərdə tutulur.

Tələbələrin Qəzzadan çıxarılaraq ölkəyə gətirilməsi Azərbaycanın İsrail və İordaniyadakı səfirliklərinin birbaşa iştirakı, eləcə də Fələstindəki təmsilçilik ofisinin dəstəyi ilə İsrail və İordaniyanın müvafiq dövlət qurumları ilə bir müddət davam edən təmaslar və əldə olunmuş razılaşmalar nəticəsində baş tutub.

Ölkəyə gələn tələbələr Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə müvafiq ali təhsil qurumlarının nümayəndələri tərəfindən qarşılanaraq yataqxanalara yerləşdiriliblər.

Qeyd edək ki, Fələstin Dövləti tərəfindən təqdim olunmuş namizədliklər əsasında həmin tələbələrdən 8 nəfəri ötən il, 6 nəfəri isə cari ildə "Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı" proqramına qəbul olunub.


Seçilən
4
49
azadmedia.az

10Mənbələr