ain.az bildirir, Azertag portalına istinadən.
Bakı, 19 sentyabr, AZƏRTAC
Oktyabrın 4-dən 10-dək “Azərkosmos”un təşkilatçılığı ilə Azərbaycanda Ümumdünya Kosmos Həftəsi (World Space Week) keçiriləcək.
“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının qərarı ilə hər il dünyanın 90-dan çox ölkəsində qeyd olunan Ümumdünya Kosmos Həftəsinin builki mövzusu “Kosmosda Həyat” olacaq.
“Azərkosmos” nəzdində fəaliyyət göstərən KOSMİK Akademiyanın təşkilatçılığı ilə Azərbaycanda keçiriləcək tədbirlərin əsas məqsədi gəncləri kosmos sahəsinə həvəsləndirmək, onların biliklərini artırmaq və ölkədə innovativ kosmik ekosistemin formalaşmasına dəstək verməkdir.
Tədbirlər çərçivəsində iştirakçıları kosmik qida üzrə vörkşop, kosmos mövzusuna həsr olunmuş kinofestival, orta məktəb şagirdləri üçün Rumıniyanın tanınmış astronavtı Dumitru-Dorin Prunariu ilə “Astronavta sual ver" adlı vebinar, müəllimlər üçün “STEAM Təhsili: Çətinliklər və Gələcək İmkanlar” adlı seminar, APRSAF Beynəlxalq Kosmik Poster Müsabiqəsinin Milli Mərhələsinin sərgisi və digər tədbirlər gözləyir.
Builki Kosmos Həftəsi çərçivəsində KOSMİK Akademiya bir sıra yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlıq edəcək. Onlar arasında “CineMastercard”, “Space Camp Türkiye”, Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA), Braziliyanın “IDEIA Space” şirkəti, “Tusi Bohm Planetarium” və “More and More” restoranı yer alır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.