Azertag saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bakı, 19 sentyabr, AZƏRTAC
Azərbaycan xalqı otuz ildən artıq davam edən işğala, beynəlxalq müstəvidə ədalətsiz münasibətlərə rəğmən milli birliyini möhkəmləndirdi, müdrik Prezidentinin ətrafında sıx birləşərək güclü dövlətini formalaşdırdı, ərazi bütövlüyünü və dövlət suverenliyini bərpa etdi.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov bildirib.
“Azərbaycan Prezidentinin siyasi iradəsi və müdrik rəhbərliyi sayəsində ölkəmiz bu gün tarixinin ən qüdrətli dövrünü yaşayır. Beş il öncə Vətən müharibəsində və 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri nəticəsində qazanılan şanlı zəfərlər uzun illər ərzində nəticəyə hesablanmış müdrik siyasətin parlaq nəticəsidir”, - deyə komitə sədri vurğulayıb.
Şahin İsmayılov qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi hərtərəfli inkişaf konsepsiyasının dövlətimizin başçısı tərəfindən dövrün çağırışlarına uyğunlaşdırılmaqla davam etdirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafını, beynəlxalq nüfuzunun daha da güclənməsini, milli maraqlarımızın qorunmasını təmin etdi. Ötən illər ərzində qlobal təşəbbüslərdə fəal iştirak edən ölkəmiz müstəqil xarici siyasət yürüdərək ikitərəfli və çoxtərəfli əməkdaşlıq əlaqələrini uğurla inkişaf etdirdi. Müxtəlif beynəlxalq platformaların imkanlarından istifadə edilərək, ölkəmizin ədalətli mövqeyi dünya ictimaiyyətinin diqqətinə çatdırıldı.
Komitə sədri bildirib ki, tam müstəqil daxili və xarici siyasət yürüdən, heç bir dövlətin iradəsindən asılı olmayan Azərbaycan 30 il ərzində Ermənistanın işğalçılıq siyasətindən əziyyət çəkdi. Bütün dünyanın gözü önündə xalqımıza qarşı etnik təmizləmə həyata keçirildi, şəhər və kəndlərimiz viran qoyuldu, mədəni-tarixi abidələrimiz məhv edildi, Xocalı soyqırımı kimi dəhşətli cinayətlər törədildi. Beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə baxmayaraq, heç kim Ermənistana işğala son qoyması ilə bağlı təzyiq göstərmədi. Şahin İsmayılov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın öz gücü hesabına bu problemi kökündən həll etdiyini vurğulayıb: “Güclü iqtisadiyyat, müstəqil xarici siyasət, yüksək beynəlxalq nüfuz, qüdrətli ordu, qalib xalq... Bunlar dövlətimizin başçısının müdrik rəhbərliyi ilə formalaşdırılan müasir Azərbaycanı xarakterizə edən amillərdir”.
Onun sözlərinə görə, tarixi torpaqlarımızda separatizmin kökünün tam kəsilməsi, suverenliyimizin bərqərar olması uzun illər ərzində həyata keçirilən düşünülmüş siyasətin məntiqi nəticəsidir. “Bu dövr, eyni zamanda, ölkəmizin inkişafının yeni mərhələsinin başlanğıcıdır. Məhz qüdrətli Azərbaycan bu gün regionda sülhü bərqərar edir. Azərbaycan, ABŞ və Ermənistan liderlərinin Ağ evdə keçirilən görüşü, əldə olunan tarixi razılaşmalar ölkəmizin güclü beynəlxalq mövqeyinin təcəssümüdür. Azərbaycan Prezidentinin təşəbbüsü ilə regionda mühüm beynəlxalq əməkdaşlıq qurulur. Bu, təbii ki, bütövlükdə bölgənin inkişafına təkan verəcək. Artıq region beynəlxalq miqyasda müharibə deyil, əməkdaşlıq məkanı kimi diqqət mərkəzində olacaq. Bu xüsusda, xalqımız, ölkəmiz üçün böyük məna və əhəmiyyət kəsb edən 20 Sentyabr - Dövlət Suverenliyi Günü hər birimizin qürur və iftixar mənbəyidir”, - deyə Şahin İsmayılov vurğulayıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.