Britaniyanın “The Times” və “The Sunday Times” nəşrləri tərəfindən dərc olunan "Good University Guide" reytinqində Oksford və Kembric universitetləri 1993-cü ildən bəri ilk dəfə liderlərin üçlüyünə daxil ola bilməyiblər.
Modern.az xəbər verir ki, reytinqə ikinci il ardıcıl olaraq London İqtisadiyyat Məktəbi (LSE) liderlik edir.
Onun ardınca Şotlandiyanın ən qədim universiteti hesab edilən Sent-Endryus Universiteti gəlir. Üçüncü yeri isə ötən ilki beşinci pillədən irəliləyən Darem Universiteti tutub. Oksford və Kembric bu dəfə yalnız dördüncü yeri bölüşüblər.
Mütəxəssislərin qiymətləndirməsinə görə, Darem Universiteti tədris və elmi fəaliyyətin keyfiyyəti, tələbələrin məmnunluğu və məzunların uğurları göstəricilərinə görə bir çox rəqiblərini geridə qoyub. Universitet məzunların işlə təminatı kateqoriyasında yalnız London İmperial Kollecinə uduzub.
“The Times” və “The Sunday Times” reytinqinin redaktoru Helen Davis qeyd edib ki, Darem Universiteti tədrisin keyfiyyətini və tələbə mühitini xeyli yaxşılaşdırıb.
Qeyd edək ki, Böyük Britaniyanın Tələbə Məsələləri İdarəsinin rəhbəri Edvard Pek də “The Times”a müsahibəsində tədrisin keyfiyyətinə görə təhsil haqlarının tənzimlənməsi imkanının nəzərdən keçirildiyini bildirib.