Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 4452 nəfər Vətən müharibəsi qazisinə əlillik təyin edilib, o cümlədən 500-ə yaxın qazimiz 612 son nəsil yüksək texnologiyalı protezlə təmin edilib.
Veteninfo.az xəbər verir ki, bu barədə nazirlikdən məlumat verilib.
Bildirilib ki,Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində 3665 nəfər müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib.
Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.
Agentlik tərəfindən qazilərin sağlamlığının bərpası, onların cəmiyyətə adaptasiyası istiqamətində görülən işlərin nəticəsi olaraq cari ilin 8 ayında artıq 218 nəfər Vətən müharibəsi qazisi tam reabilitasiya olunaraq yenidən aktiv həyata davam edirlər.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəli reabilitasiya xidmətlərinin göstərilməsi, tibbi-sosial reabilitasiya imkanlarının artırılması Agentliyin əsas hədəflərdən biridir.