AZ

Tələbələr üçün ictimai nəqliyyatda güzəştlər tətbiq olunacaq? - EKSPERT AÇIQLADI

Azərbaycanda tələbələrin gündəlik həyatında ictimai nəqliyyat xərcləri mühüm yer tutur. Lakin hazırda tələbələr üçün xüsusi güzəştli tarif mövcud deyil və bu, xüsusilə rayondan gələn və aztəminatlı ailələrdən olan tələbələr üçün ciddi maddi yük yaradır.

Tələbələr üçün ictimai nəqliyyatda hansı güzəştlər tətbiq oluna bilər? Digər ölkələrin tələbələr üçün tətbiq etdiyi hansı modelləri Azərbaycanda tətbiq etmək mümkündürmü?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, bu cür məsələlər zaman-zaman ictimai müzakirələrdə öz əksini tapsa da, təəssüflər olsun ki, indiyədək konkret və səmərəli addımlar atılmayıb:

"Halbuki bu məsələ, xüsusilə də tələbələrin sosial rifahı və gündəlik həyat şəraitinin yüngülləşdirilməsi baxımından olduqca vacibdir. Hazırda Azərbaycanda nəqliyyat infrastrukturu, xüsusilə böyük şəhərlərdə – Bakı, Sumqayıt və Gəncədə müəyyən qədər inkişaf etdirilib. Bu şəhərlərdəki ictimai nəqliyyat sistemləri demək olar ki, tamamilə kart sistemi üzərindən fəaliyyət göstərir ki, bu da güzəştli tariflərin tətbiqini texniki baxımdan asanlaşdırır. Mövcud infrastruktur tələbələr üçün xüsusi tarif sistemlərinin qurulmasına imkan verir və bu imkanlardan istifadə edilməməsi ciddi suallar doğurur.

Dünya təcrübəsinə nəzər saldıqda, tələbələrə verilən nəqliyyat güzəştləri bir çox inkişaf etmiş ölkələrdə illərdir tətbiq olunmaqdadır. Məsələn, Türkiyədə tələbələr ictimai nəqliyyatdan istifadə edərkən gediş haqqının sadəcə 50%-ni ödəyirlər. Oxşar sistemlər Böyük Britaniya, Almaniya, Fransa, Avstraliya və Litva kimi ölkələrdə də geniş şəkildə tətbiq olunur. Bu ölkələrdə tələbə statusu yalnız təhsil almaq hüququ ilə kifayətlənmir, eyni zamanda onların sosial müdafiəsini təmin edən vacib bir göstərici kimi dəyərləndirilir.

Azərbaycan universitetləri və təhsil müəssisələri, həmçinin dövlət qurumları bu sahədə təşəbbüskar olmalı, xüsusilə aztəminatlı ailələrin övladları üçün daha əlçatan nəqliyyat imkanları yaratmalıdır. Güzəştli tariflər sistemi yalnız sosial yönümlü bir tədbir deyil, eyni zamanda təhsilin davamlılığı və əlçatanlığı üçün mühüm amildir. Çünki bir çox tələbə gündəlik nəqliyyat xərclərinə görə tədris prosesində çətinliklər yaşayır, əlavə işlərə yönəlməyə məcbur qalır və bu da onların akademik göstəricilərinə birbaşa təsir edir.

Universitetlər və yerli icra orqanları nəqliyyat şirkətləri ilə birgə əməkdaşlıq edərək, tələbələr üçün fərdi nəqliyyat kartları hazırlaya, bu kartlara güzəştli tariflər tətbiq edə və bunun üçün elektron bazalı sistem yarada bilərlər. Bu təşəbbüs yalnız sosial yönümlü tədbir kimi deyil, həm də təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət edən mühüm addım olacaq".

Müəllif: Arzu Qurbanlı
Seçilən
14
sia.az

1Mənbələr