AZ

“YAXIN İLLƏRDƏ MÜHÜM HADİSƏLƏR BAŞ VERƏ BİLƏR...” “Cəmiyyət fərqli bir mərhələyə qədəm qoyur və bu, dəyişiklikləri qaçılmaz edir”

ain.az, Azpolitika.az saytına istinadən bildirir.

Pənah Hüseyn: “İndi siyasi partiyaların fəaliyyəti iqtidara xidmət kimi qiymətləndirilir”

“Azərbaycanda qarışıq formada proporsional seçki sisteminə qayıdışın vaxtı yetişib”

Azərbaycan Xalq Partiyasının (AXP) keçmiş sədri, keçmiş Baş nazir Pənah Hüseyn “AzPolitika”-ya müsahibəsində siyasi gündəmin aktual mövzuları ilə bağlı sualları cavablandırıb. Müsahibənin ilk hissəsini oxuculara təqdim edirik:

- Pənah bəy, AXP sədrliyindən getdiyinizi bəyan etmisiniz, indi sizi necə təqdim edək?

- Sabiq baş nazir.

- Partiya sədrliyinə qayıtmaq fikriniz yoxdur?

- Formal olaraq Xalq Partiyasının sədriyəm. Amma bu vəzifəni müavinimə həvalə etmişəm. Bizim nizamnaməyə görə bir müavin olur və nizamnamədə də bənd var ki, səlahiyyət müavinə həvalə edilir. İlin sonunadək qurultay keçirilməlidir. Bu ilin sonu və gələn ilin əvvəlində idarəetmə ilə bağlı qərar veriləcək, sədrliyə qayıtmaq məsələsinə də baxılacaq. İndiki mərhələdə qayıtmaq fikrim yoxdur. Amma bu, siyasətdən getmək demək deyil.

- Manevr edirsiniz?

- Manevr deyil. Keçən il seçkilərdən sonra idarə heyətində geniş müzakirələr keçirdik. Ondan əvvəl də, 2019–2020-ci ildən başlayan iqtidar–müxalifət dialoqu, siyasi partiyalarla dialoq prosesi vardı. Mən hesab edirəm ki, bu, əlbəttə yüksək formada dialoq deyildi. Amma buna “dialoq deyil” demək də düzgün olmaz. Mən bu prosesdə iştirak etmişəm və həm təşkilatın, həm də cəmiyyətin maraqları baxımından bunu pozitiv dəyərləndirmişəm. Həmçinin, bu prosesin ölkədə islahatlar və demokratik dəyişikliklər istiqamətində müsbət rol oynaya biləcəyi barədə fikirlər irəli sürmüşəm. Amma seçkilər göstərdi ki, təəssüf ki, vəziyyət fərqlidir.

Siyasi partiyalar haqqında qanunun qəbul olunması zamanı da mənim çıxışlarım olub, o cümlədən Milli Məclisdə dinləmələrdə fikirlərimi bildirmişəm. Sonra Prezident Administrasiyasının təşkilatçılığı ilə açıq müzakirələr oldu, orada da yazılı məruzələrimdə və çıxışlarımda mövqeyimi ifadə etmişəm. Mən hesab edirəm ki, qəbul olunan bu qanun antidemokratik bir istiqamət daşıyır, sadəcə Azərbaycan şəraitinə uyğunlaşdırılmış bir qanundur. Ondan sonra keçirilən parlament seçkiləri əvvəlki seçkilərlə müqayisədə geriyə atılan addım idi.  Nəinki irəliyə doğru addım atıldı, hətta əvvəlki səviyyəni belə saxlamaq mümkün olmadı. Mən də seçkilərdən sonra bunu nəzərə alaraq partiya sədrliyindən istefa məsələsini qaldırdım. Bu məsələ İdarə Heyətində müzakirə olundu və təxminən bir il müddətində qurultay çağırılaraq bu məsələyə baxılacağı barədə qərar qəbul edildi. Bu qərar mənim "Facebook" səhifəmdə rəsmi olaraq dərc olunub. Burada nə hansısa manevr, nə də gözlənilməz bir hal var.

- Demişdiniz ki, yeni hərəkatın yaradılması gündəmdədir. Bu istiqamətdə nə yenilik var?

- O vaxt - seçkidən sonrakı çıxışlarımda bu məsələ səsləndirilib. Mən hesab edirəm ki, dediyim “Azərbaycanda siyasi partiyalar özünü buraxsın və yaxud bağlansın” fikri siyasi partiya fəaliyyətinin olmaması anlamına gəlməli deyil. Şübhəsiz ki, siyasi partiyalar demokratik prosesin əsas subyektidir. Çoxpartiyalılıq demokratiyanın əsas əlamətlərindən biri və onun ən mühüm tərəfidir. Bu baxımdan da şübhəsiz ki, siyasi partiyalar hansı şəraitdə olursa olsun, fəaliyyət göstərməlidir. Bəzən belə fikirlər səslənir ki, siyasi partiya şəklində hal hazırdakı fəaliyyət ziyan vurur, mənası yoxdur və ümumiyyətlə partiyalar özü-özünü buraxsın.

- İqtidardan sizə belə təkliflər var?

- Xeyr. Müxtəlif jurnalistlər, həm keçmiş siyasətçilər, həm də hazırda siyasətlə məşğul olmayan şəxslər tərəfindən belə düşüncələr irəli sürülür. Hətta indi siyasi partiyaların fəaliyyəti iqtidara xidmət kimi qiymətləndirilir və bunun guya sadəcə psevdodemokratik görüntü yaratmaq məqsədilə edildiyi deyilir. Özü də bu, ümumiləşdirilmiş şəkildə ifadə olunur. Ola bilər ki, müəyyən hallarda bu, hansısa məqsədə xidmət etsin, amma bunu bütün müxalifət partiyalarına şamil etmək düzgün deyil. Eyni zamanda, bu da faktdır ki, indiki siyasi mühitdə, müxalif və demokratik qüvvələrin ciddi şəkildə birgə fəaliyyətinə və koordinasiyalı işinə ehtiyac var. Hətta hazırkı müxalifət qüvvələrinin təxminən bizim tariximizdə olmuş Xalq Cəbhəsi tipli bir hərəkat şəklində fəaliyyət göstərməsi də nəzərə alınmalıdır. Çünki indi vətəndaşların, xüsusən də gənclərin siyasi partiya üzvü olması müəyyən problemlər yaradır. Bununla yanaşı, bitərəfləri də əhatə edən, siyasi partiyaları, ictimai təşkilatları, nüfuz sahibi olan fərdləri bir araya gətirən modelə ehtiyac var. Ən azı müxalifətdə olan siyasi partiyaların birgə dəyirmi masası ola bilər. Bizim siyasi tariximizdə belə nümunələr olub.

- Amma adətən buna qarşı arqument səsləndirilir ki, belə birliklər olub, amma nəticəsi olmayıb…

- Mən isə hesab edirəm ki, nəticə olmayıbsa, bu, heç vaxt olmayacaq demək deyil və ümumiyyətlə, yanlış taktika kimi qiymətləndirilməməlidir. Bu yanaşma səhvdir. Məsələn, açıq deyək: əgər bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri ilə Müsavat Partiyasının başqanı qeyri-rəsmi şəraitdə görüşsə, səhər yeməyi yeyib şəkil paylaşsalar, gəlin qəbul edək ki, bunun böyük əhəmiyyəti olur. Təəssüf ki, son dövrdə bu məsələdə daha çox yadlaşma müşahidə edirik. Əlbəttə, arqument kimi də deyirlər ki, guya bu, kiməsə lazımdır. Ola bilsin, hansısa partiya və ya müəyyən qrup bundan mənfəət əldə edə bilər. Bəzən şəxsi maraqlar da ola bilər. Amma ümumi maraqlar naminə kiçik maraqları qəbul etmək lazım gəlir. O baxımdan orta yol tapmaq mümkündür.

Görünür, biz həm də bir nəsil dəyişikliyi prosesini müşahidə edirik. Yaxın 5-7 il ərzində təbii olaraq müəyyən nəsil dəyişikliyi olacaq. Bu, həm iqtidarda, həm müxalifətdə, həm də cəmiyyətdə özünü göstərəcək. Cəmiyyət köklü genetik xüsusiyyətlərini saxlayaraq fərqli bir mərhələyə qədəm qoyur və bu, siyasi səhnədə konkret dəyişiklikləri qaçılmaz edir. Dediyim müddətdə və ondan sonrakı mərhələdə bu dəyişikliklər göz önündə olacaq. Çünki hər ilin, hər dövrün dövlətlərin, xalqların taleyi baxımından ciddi əhəmiyyəti var. Bu proseslər çərçivəsində yaxın 5-7 il ərzində çox mühüm hadisələr baş verə bilər və bu hadisələr siyasi partiyaların da passiv mövqedən fəal addımlara keçməsini diktə edə bilər. Mən də müəyyən formalar təklif etmişəm. Əlbəttə, maraqlı təkliflər ola bilər, yeni formalar tapıla bilər və məncə, bunlar tapılacaq.

- ADP sədri Sərdar Cəlaloğlu demişdi ki, hökumətlə müxalifətin dialoq prosesi getmir, özü də dialoq prosesindən çıxmaq istəyir. Hətta Prezidentlə görüşmək və təkliflər vermək istəyib…

- Doğrusu, bunu Sizdən eşitdim. O, kifayət qədər təcrübəli siyasətçilərdən biridir. S. Cəlaloğlunun siyasətdən getməsi ciddi itki olar.

- Siyasətdən getmir, ADP-nin hökumətlə siyasi dialoqdan çıxacağını deyir…

- S. Cəlaloğlu bir tərəfdən deyir ki, hökumətlə dialoq yoxdur, o biri tərəfdən də olmayan dialoqu təkr etmək istəyir. Amma hər halda, onun sədəcə bu cür danışmasının özü ciddi hadisədir. Yəni, nəyi düz deyir, nəyi düz demirdən çox, mühüm olan onun belə bir istəyidir.

- Pənah bəy, il sonuna qədər bu sahədə hansısa addımlar gözləyirsizmi?

- Nə qədər qəribə görünsə də, bəzi danışıqlarda bunu süni optimizm kimi qiymətləndirirlər. Amma mənim yuxarıda dediyim proses gedir. Bu prosesdə iqtidarın indiki status-kvonu – yəni daxili siyasətdə heç nəyi dəyişməmək xəttini uzun müddət davam etdirəcəyini düşünmürəlm. Hansı dəyişikliklərin baş verəcəyi və hansı istiqamətdə olacağı hələlik aydın deyil. Biz hələ fərqli bir istiqaməti müşahidə etmirik.

Məsələn, Azərbaycanda son illərdə siyasi partiyaların sayı iki dəfədən çox azalıb. Bu bağlanmalar çox böyük itki kimi görünməsə də, kəmiyyət baxımından müəyyən sosioloji nəticə ortaya qoyur. Digər tərəfdən, internet televiziyalarının və ümumilikdə medianın vəziyyəti ürəkaçan deyil. Həbsdə olan insanların sayı da azalmayıb. Əlbəttə, siyahılardakı hər kəsi siyasi məhbus hesab etmirəm. Amma siyasi məhbusların mövcudluğunu da inkar etmək mümkün deyil.

Başqa bir mühüm məsələ də Konstitusiyadır. Azərbaycan Konstitusiyası çox azsaylı sənədlərdən biridir ki, orada siyasi partiyalar haqqında ayrıca müddəa yoxdur. Hətta qonşu ölkələrin – Türkiyə, Rusiya və ya uzaq Almaniyanın konstitusiyalarında belə müddəalar var. Bizim konstitusiyanın isə 58-ci maddəsində yalnız birləşmək hüququ, seçkilərlə bağlı səlahiyyətlər qeyd olunub, amma çoxpartiyalı siyasi sistem anlayışı yoxdur. Halbuki, 1991-ci ilin 18 oktyabr Konstitusiyasında bu barədə müddəa mövcud idi. Onun 28-ci maddəsi siyasi partiyalaşma prosesinin əsas prinsiplərini ehtiva edirdi.

- Bu barədə nə təklif edirsiniz?

- Mənim təkliflərimdən biri də odur ki, hazırda müzakirə olunan konstitusiya dəyişikliklərinə siyasi partiyalarla bağlı ayrıca müddəalar daxil edilsin. Bu, ilk baxışdan simvolik görünsə də, mühüm əhəmiyyət daşıyır. Çünki bəzi ölkələrdə, məsələn, Rusiyada seçkilər demokratik olmasa da, proporsional seçki sistemi tətbiq olunur. Bu da siyasi partiyaların nüfuzunu və statusunu müəyyən qədər gücləndirir, cəmiyyətin siyasi şüurunda onların rolunu artırır. Yəni bir növ baza yaradır ki, proses başlasa, müsbət istiqamətdə inkişaf edə bilsin. O baxımdan mən hesab edirəm ki, Azərbaycanda da ən azı qarışıq formada proporsional seçki sisteminə qayıdışın vaxtı yetişib və bu istiqamətdə addımlar atıla bilər.

– Referendum gözləyirsiniz?

– Suala cavabdan əvvəl bir məsələni deyim, bəziləri bunu anti-demokratik təklif kimi dəyərləndirir. Amma bizim müzakirələrimiz zamanı deyirəm ki, “milli-mənəvi dəyərlər” deyilən bir məsələ var. Mən kosmopolit, liberal siyasi fəlsəfənin tərəfdarı deyiləm. Çünki həm kosmopolitizm, həm də liberalizmin müəyyən ifrat formaları bizim milli ənənələrimizə uyğun gəlmir. Məsələn, Rəsulzadəyə məxsus bir ifadə var ki, müsavatçılıq həm totalitar kommunizmin, həm də kosmopolit liberalizmin əleyhinədir. Bizim partiyanın məramnaməsində də qeyd olunub ki, biz özümüzü klassik müsavatçılıq ideologiyasının daşıyıcısı hesab edirik. Siyasi hərəkat baxımından isə hamımız 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində formalaşan Azərbaycan Xalq Cəbhəsi hərəkatına bağlı olduğumuzu təsdiq etmişik. Söhbət Xalq Cəbhəsi Partiyasından deyil, ümumi hərəkatdan gedir.

Bu baxımdan, mənim fikrimcə, milli-mənəvi dəyərlər, ailə məsələsi, uşaqların qorunması və digər bu qəbildən olan prinsiplər indiki Konstitusiyada ümumi şəkildə qeyd olunsa da, daha konkret şəkildə təsbit edilməlidir.

(Davamı var)

E.Rüstəmli

E.Bəyməmmədli

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
2
azpolitika.info

1Mənbələr