"Şahdağ Qusar" Azərbaycan 1-ci Liqasının 2-ci turunda "Baku Sportinq"lə qarşılaşıb. Elnur Abdullayevin baş məşqçisi olduğu komanda 2:3 hesabı ilə məğlub olub.
Komandanın rəhbəri, veteran futbolçu Rahid Əmirquliyev mövsümdəki ilk yenilgi ilə bağlı bağlı fikirlərini Fanat.Az-a bölüşüb:
"Oyuna pis başlamadıq. İlk dəqiqələrdən üstünlük bizdə idi. Təəssüflər olsun ki, fərdi səhvlərdən ardıcıl qollar buraxdıq. Təxminən yarım saat ərzində 0:3 geri düşdük. Bundan sonra oyunu xilas etmək çətin olsa da, ruhdan düşmədik. Fasilə ərəfəsində fərqi 2 topa, ikinci hissənin ortalarında isə minimuma endirdik. Bundan sonra xeyli vaxtımız olsa da, bərabərlik qolunu vura, məğlubiyyətdən qaça bilmədik. Fərdi səhvləri nəzərə almasaq, komandanın oyunundan razı qaldım. O səhvlər də başadüşüləndir, çünki yeni komandayıq, uşaqların əksəriyyəti gənclərdir. Tədricən oyundan-oyuna artırıb daha yaxşı çıxış edəcəyik".
Qeyd edək ki, iki turdan sonra aktivində 3 xal olan "Şahdağ Qusar" hazırda turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. Şimal təmsilçisi növbəti turda "Səbail"in qonağı olacaq.
Mirağa